
İran və İsrail arasında atəşkəs rejimi qüvvəyə minib.
İnfososium.az xəbər verir ki, bu barədə məlumatı İranın “Press TV” telekanalı yayıb.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Araqçı “X” hesabında paylaşım edərək ölkəsinin İsrailə qarşı hərbi əməliyyatları yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 04:30) dayandırdığını yazıb.
O, həmçinin İsrailə iyunun 13-dən bu günə qədər davam edən hücumlarda iştirak edən iranlı hərbçilərə minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp gecə saatlarında etdiyi paylaşımında 6 saat ərzində ilk olaraq İranın, sonra isə İsrailin atəşkəsə başlayacağını bildirmişdi. Onun sözlərinə görə, 24 saat ərzində 12 günlük müharibənin rəsmi sonu olmalıdır.
D.Tramp “Truth Social” sosial şəbəkə hesabında İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu yazıb və tərəfləri ona əməl etməyə çağırıb: “Atəşkəs rejimi artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!”