AnalitikaGündəmSiyasət

İşğaldan azad olunmuş Füzuli rayonu inkişafının yeni dövrünü yaşayır

“Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunsa da, ermənilərin işğalı və dağıdıcılıq əməlləri 2020-ci ilə qədər davam etmişdi. Füzuli rayonu 27 il işğal altında qaldı və bu rayon erməni faşizminin dəhşətlərini yaşaydı. Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Azərbaycan Bayrağı orada qaldırılsın. Yalnız bu fakt erməni vandalizminin sərhədlərini sübut edir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub: “Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Təsadüfi deyil ki, Füzulinin azad olunmasında şəxsi igidlik və şücaət nümayiş etdirmiş 25.325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub”.

“Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub” – deyən Ramil Vəlibəyov əlavə edib ki, işğaldan azad olunan və yenidən qurulan Füzulidə şəhər gününün qeyd olunması tarixi hadisədir.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayon olsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir: “İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır və bu mənada Füzulinin yeni siması göz oxşayır. Sirr deyil ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Rahat yaşamaq üçün bütün infrastruktur və şərait yaradılır. Eləcə də 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb və bu proses artan templə davam edir. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”.

Ramil Vəlibəyov vurğulayıb ki, Baş planı təsdiqlənmiş Füzulidə cəmi 8 ay ərzində inşa olunan, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı olub, bir sıra yaşayış komplekslərinin, kəndlərin təməli qoyulub, yol və kommunikasiya infrastrukturu layihələri reallaşdırılıb. Eyni zamanda, Füzuli Azərbaycan ilə Özbəkistan, Qazaxıstan və Türkmənistanın qardaşlığının, həmrəyliyinin göstəricisi olan layihələrin reallaşdırılması məkanına çevrilib.

Oxşar Xəbərlər

Back to top button