
Hər bir dövlətin gücü onun iqtisadiyyatı və ordusu ilə yanaşı, həm də xalqı ilə rəhbərliyi arasındakı qırılmaz tellərlə ölçülür. 20 Sentyabr Dövlət Suverenliyi Günü Azərbaycan tarixində misli görünməmiş “xalq-iqtidar” həmrəyliyinin, sarsılmaz milli birliyin ən böyük təntənəsidir. Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı sübut etdi ki, ortaq hədəflər və milli ideologiya ətrafında cəmləşən milləti heç bir qüvvə məğlub edə bilməz.
Dövlət başçısının hələ illər öncə dediyi “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözləri xalqımızın yaddaşına dərin inam və etibar hissi kimi həkk olunmuşdu. Xalq öz Liderinə inandı, onun müəyyən etdiyi strateji xətti birmənalı olaraq dəstəklədi. 2023-cü ilin 19-20 sentyabr hadisələri isə bu qarşılıqlı inamın tam özünü doğrultduğu, verilən vədlərin hər birinin mütləq şəkildə həyata keçdiyi an oldu.
Bu həmrəylik təkcə müharibə və əməliyyat günlərində deyil, bu gün Qarabağın dirçəldilməsi prosesində də özünü aydın göstərir. Bütün cəmiyyət – yaşından, peşəsindən asılı olmayaraq hər kəs azad edilmiş torpaqların çiçəklənməsi üçün öz töhfəsini verməyə çalışır. İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu sağlam cəmiyyət modeli dövlətimizin dayanıqlılığının əsas sığortasıdır.
20 Sentyabr Dövlət Suverenliyi Günü hər bir Azərbaycan vətəndaşının bayramıdır. Bu gün bizə öyrədir ki, əgər xalq öz rəhbərinə inanırsa və rəhbər xalqın ali mənafelərini hər şeydən üstün tutursa, o dövlət hər zaman zəfər çalmağa məhkumdur. Bu milli birlik gələcək nəsillərə ötürüləcək ən qiymətli mirasımızdır.
Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini



