AnalitikaGündəmİdman

Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycanda idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlətimizin başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Prezident İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak etmiş idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, hətta təmsil olunduqları federasiyalara maliyyə yardımının edilməsi haqqında sərəncamlar imzalaması da dövlətimizin başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir. “Sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var.

Torpaqlarımızı işğaldan dövlətimizin başçısı İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər. Ötən ilin idman yekunlarına həsr olunan mərasim bir daha təsdiqlədi ki, hazırda ölkəmizdə idmanın kütləviliyini təmini və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır”.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button