
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və çıxış edərək mükafata layiq görülməsini böyük şərəf kimi qiymətləndirib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafat onun üçün xüsusi məna daşıyır. Dövlət başçısı Şeyx Zayedin uzaqgörən siyasəti nəticəsində BƏƏ-nin dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevrildiyini vurğulayıb.
Azərbaycan Prezidenti, həmçinin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın atasının inkişaf, tərəqqi və müasirləşmə siyasətini uğurla davam etdirdiyini qeyd edib. Onun sözlərinə görə, BƏƏ bu gün tarixi dəyərlərə sadiq qalmaqla yanaşı, gələcəyə inamla baxan, sülh və harmoniya içində yaşayan bir cəmiyyət qurmaq baxımından bir çox ölkələr üçün nümunədir.
Çıxış zamanı dinlərarası dialoqun inkişafına verdikləri töhfələrə görə Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyibə və Roma Papası Zati-müqəddəsləri Leoya təşəkkür ifadə olunub. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan 30 ildən artıq müharibə şəraitində olub və artıq altı aydır sülh dövrü yaşanır. Onun sözlərinə görə, sülh şəraitində yaşamaq Azərbaycan üçün yeni bir təcrübədir və bu proses sürətlə mənimsənilir. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın 2025-ci il avqustun 8-də Vaşinqtonda ev sahibliyi etdiyi üçtərəfli Zirvə Görüşünün tarixi əhəmiyyət daşıdığını bildirib. Həmin görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb və Birgə Bəyannamə imzalanıb.
Prezident İlham Əliyev çıxışında son altı ay ərzində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin formalaşmağa başladığını, ticarət əlaqələrinin genişləndirildiyini və qarşılıqlı görüşlərin keçirildiyini də diqqətə çatdırıb.
Sonda Prezident İlham Əliyev bu mükafatlandırma mərasiminin rəmzi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında son danışıqlardan biri məhz Əbu-Dabidə baş tutub və əldə olunan razılaşmalar sonradan Vaşinqtonda rəsmiləşdirilib. Dövlət başçısı sülhün əldə olunmasında əməyi keçən bütün tərəflərə bir daha dərin minnətdarlığını ifadə edib.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



