
2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxri qonaq kimi iştirak etdi və insan qardaşlığı, sülh və qarşılıqlı anlaşmanın təşviqi sahəsində fəaliyyətinə görə bu ali mükafata layiq görüldü. Tədbir dünya ictimaiyyətinin diqqətini qlobal həmrəyliyin və dialoqun gücləndirilməsi mövzusuna yönəltdi.Prezident İlham Əliyev çıxışında bu mükafatı qəbul etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu vurğuladı. O qeyd etdi ki, mükafatın adı Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanizm, tolerantlıq və inkişaf fəlsəfəsini təcəssüm etdirir. Dövlət başçısı bildirdi ki, bu dəyərlər yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin rifahına xidmət edən ümumbəşəri prinsiplərdir.
Çıxışında Prezident Əliyev Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olduğunu vurğulayaraq, ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirildiyini diqqətə çatdırdı. O bildirdi ki, Azərbaycanda fərqli etnik və dini icmalar əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşamış, bu model bu gün də uğurla davam etdirilir. Prezident qeyd etdi ki, müasir dünyada qarşıdurmaların artdığı bir dövrdə dialoq, anlayış və qarşılıqlı etimadın möhkəmləndirilməsi daha da aktualdır.Dövlət başçısı nitqində regional və qlobal sülhün təmin edilməsinin yalnız siyasi razılaşmalarla deyil, həm də xalqlar arasında etimadın gücləndirilməsi ilə mümkün olduğunu vurğuladı. O bildirdi ki, Azərbaycan münaqişələrin həllində beynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəkləyir və əməkdaşlıq, qarşılıqlı hörmət prinsipləri üzərində qurulan münasibətlərin tərəfdarıdır. Prezident Əliyev bu baxımdan BƏƏ-nin qlobal dialoq və sülh təşəbbüslərinə verdiyi töhfələri yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev çıxışında Şeyx Zayidin irsinin bu gün də insanlara ilham verdiyini, onun əsasını qoyduğu inkişaf və humanizm siyasətinin BƏƏ-ni sabitlik və tərəqqi yolunda irəli apardığını vurğuladı. O, həmçinin hazırkı rəhbərliyin bu xətti uğurla davam etdirdiyini qeyd edərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirdi.Nitqin sonunda dövlət başçısı bir daha göstərilən yüksək etimada görə təşəkkürünü ifadə etdi və bütün ölkələri sülh, insan qardaşlığı və qarşılıqlı anlaşma dəyərlərini təşviq etməyə çağırdı. Prezident vurğuladı ki, bu mükafat təkcə bir şəxsin deyil, həmin ideallara xidmət edən bütün insanların əməyinə verilən qiymətdir. O qeyd etdi ki, yalnız birgə səylər nəticəsində daha təhlükəsiz, ədalətli və firavan dünya qurmaq mümkündür.Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışı Azərbaycanın beynəlxalq aləmdə sülh, tolerantlıq və əməkdaşlıq tərəfdarı kimi mövqeyini bir daha nümayiş etdirdi və ölkəmizin qlobal humanitar təşəbbüslərə verdiyi töhfənin yüksək qiymətləndirildiyini təsdiqlədi.
Günel Nəsibova,
Yeni Azərbaycan Partiyası,Məsləhətçi



