AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Türkmənbaşı Zirvə görüşündəki çıxışı: Azərbaycan və Mərkəzi Asiya Arasında yeni strateji dövr

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Avaza Kompleksində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitqlə çıxış edərək ölkələrimiz arasındakı strateji tərəfdaşlığın inkişaf istiqamətlərini, eləcə də regional və qlobal miqyasda mühüm əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu üzv kimi təmsil olunması ölkəmizin xarici siyasətində mühüm mərhələlərdən biridir. Prezident İlham Əliyev çıxışında bu amili xüsusi vurğulayaraq qeyd etmişdir: “Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu.”

Bu status Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında tarixi, mədəni və mənəvi bağların yeni siyasi və iqtisadi məzmunla zənginləşməsinə güclü təkan verib. Dövlət başçısı qardaş Türkmənistanda olmaqdan məmnunluğunu ifadə edərək, ev sahiblərinə ənənəvi qonaqpərvərliyə görə təşəkkür edib.

Regional əməkdaşlığın ən vacib tərkib hissələrindən biri olan iqtisadi-ticarət əlaqələri Zirvə görüşünün əsas müzakirə mövzularından olub. Dövlət başçısı son illər ərzində qarşılıqlı ticarət həcmində müşahidə olunan dinamik artımı diqqətə çatdıraraq bildirib:”Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb.” Bu göstərici ölkələrimiz arasında mövcud iqtisadi potensialın reallaşdırılması istiqamətində atılan uğurlu addımların, eləcə də sahibkarlar üçün yaradılan əlverişli şəraitin əyani nəticəsidir. İkitərəfli sərmayə qoyuluşları, sənaye və kənd təsərrüfatı sahələrində kooperasiya əlaqələri iqtisadi bütövlüyü daha da gücləndirir.

Avrasiya məkanında nəqliyyat-tranzit axınlarının istiqamətinin dəyişdiyi müasir dövrdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin logistika imkanları həlledici rol oynayır. Prezident İlham Əliyev çıxışında bu sahənin strateji xarakterini vurğulayaraq qeyd edib:”Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir.” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz çərçivəsində yükdaşımaların həcminin artması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının və müasir nəqliyyat infrastrukturunun səmərəli fəaliyyəti Xəzər hövzəsini və Mərkəzi Asiyanı dünya bazarlarına bağlayan ən etibarlı körpüyə çevirib.

Qlobal iqlim dəyişiklikləri və ekoloji çağırışlar fonunda bərpaolunan enerji mənbələrinə keçid ölkələrimizin gündəliyində duran əsas məsələlərdəndir. Dövlət başçısı bu sahədə həyata keçirilən irimiqyaslı layihələrə toxunaraq bildirib: “Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparır.”

Xəzər dənizinin dibi ilə “yaşıl enerji”nin Avropaya nəqli, eləcə də alternativ enerji sistemlərinin inteqrasiyası regionun gələcək enerji təhlükəsizliyini təmin edən mühüm amillərdəndir.

İqtisadi layihələrlə yanaşı, regional sabitlik və təhlükəsizlik məsələləri də Zirvə görüşünün diqqət mərkəzində olub. Prezident İlham Əliyev qeyd edib ki, əməkdaşlığın geostrateji əhəmiyyəti təkcə iqtisadiyyatla məhdudlaşmır: “Sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün uğurlarımızın təməlini təşkil edir.”

Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü çərçivəsində qəbul edilən qərarlar və imzalanan Birgə Bəyannamə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşəcəyini, həmçinin xalqlarımızın rifahına xidmət edəcəyini bir daha təsdiqlədi.

Vəli Hüseynli,
Nizami rayonu 61 saylı məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button