
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edəcək geniş Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi.
Bu müşavirə, ölkəmizin başlıca şəhər regionlarından olan Bakı və Abşeron yarımadasının qarşılaşdığı su təminatı və kanalizasiya problemlərinə sistemli yanaşmanın vacibliyini bir daha ortaya qoydu. Dövlətimizin başçısı çıxışında bu məsələlərin yalnız cari dövr üçün deyil, gələcək onilliklər üçün davamlı həllini təmin edəcək konkret addımların atılacağından bəhs etdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son 20 il ərzində ölkədə infrastruktur sahəsində genişmiqyaslı layihələr icra olunub. Bu sahədə əsas prioritet elektrik enerjisi təchizatı, qazlaşma, yolların və sosial obyektlərin inkişafı ilə yanaşı, su təminatı və kanalizasiya layihələrinin də önəmli yer tutmasıdır.
Əvvəllər içməli suyun təminatı və tullantı sularının idarə olunması sahəsində ciddi çətinliklər yaşanırdı. Xüsusilə su çatışmazlığı və su itkisi problemləri şəhər və regionların sakinləri üçün ciddi narahatlıq mənbəyi idi. Hazırda bu problemlərin həlli məqsədilə həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoymuşdur.
Yeni dövr üçün hazırlanmış Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təsərrüfatının kompleks və davamlı şəkildə inkişafını hədəfləyir. Proqramın əsas məqsədi əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, bu sahədə uzun illər ərzində yığılıb qalmış problemlərin mərhələli şəkildə aradan qaldırılmasıdır. Xüsusilə içməli su itkilərinə səbəb olan köhnəlmiş su şəbəkələrinin yenidən qurulması və onların müasir texniki standartlara uyğunlaşdırılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bununla yanaşı, kanalizasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, tullantı sularının müasir texnologiyalar əsasında təmizlənməsi və ətraf mühitə zərərin minimuma endirilməsi proqramın mühüm istiqamətlərindəndir. Dövlət Proqramı çərçivəsində leysan yağış sularının effektiv idarə olunması məqsədilə yeni kollektorların və müasir drenaj sistemlərinin yaradılması da nəzərdə tutulur. Bütün bu tədbirlər nəticəsində dənizə axıdılan tullantı sularının tam təmizlənməsi təmin ediləcək, Xəzər dənizinin ekoloji tarazlığının qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə veriləcəkdir.
Prezident çıxışında bildirdi ki, iqlim dəyişikliyi bütün dünyada su təhlükəsizliyi sahəsində çətinliklər yaradır. Azərbaycanda da bu çağırışlara adaptasiya olunmaq məqsədilə müasir idarəetmə sistemlərinin tətbiqi və su ehtiyatlarının səmərəli istifadəsi prioritet məsələdir.
Proqram çərçivəsində duzsuzlaşdırma zavodunun tikintisi və rəqəmsal idarəetmə alətlərinin tətbiqi planlaşdırılır. Bu addımlar Bakı və Abşeronun su təminatı sistemini daha dayanıqlı və müasir standartlara uyğun edəcək.
Yeni Dövlət Proqramı, yalnız cari su çatışmazlığı problemlərini aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda Bakı və Abşeron yarımadasında yaşayan milyonlarla vətəndaş üçün uzunmüddətli, davamlı və yüksək keyfiyyətli su təchizatı həllərini təmin edir. Bu təşəbbüs ölkəmizin infrastruktur sahəsində strateji hədəflərinə sadiqliyini nümayiş etdirir və 2035-ci ilə qədər nəzərdə tutulan regionun sosial-iqtisadi inkişaf planlarının ayrılmaz tərkib hissəsidir.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



