“Qadınların Sahibkarlıq və İcma İnkişafı” adlı forum baş tutub
20 aprel 2023-cü ildə “Gələcək naminə” VCİD İB-nin “Həssas qrupdan olan qadınların iqtisadi səlahiyyətlərinin artırılması üçün icmaların yaradılması” layihəsi çərçivəsində “Qadınların Sahibkarlıq və İcma İnkişafı” Forumu həyata keçirilib.
İnfososium.az xəbər verir ki, tədbir layihə rəhbəri, Gələcək Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərlinin açılış nitqi ilə açıq elan edilib. Layihə haqqında geniş məlumat verilib. Sonra isə Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Natiq Lahıcov, USAID/Azerbaijan, USAID Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri Mətt Weber, rəssam modelyer, uğurlu sahibkar qadın Fəxriyyə Xələfova, Kişilər Klubunun və AKİAB MMC-nin direktoru Vəfadar Babayev çıxış edib.
Panel müzakirələrinə keçmədən öncə ölkədə qadın sahibkarlığının inkişafı, qadınların sosisal iqtisadi qayğılarının həllində eləcə də icma sahəsində böyük töhfəsi olan dəyərli xanımların təltifetmə mərasimi baş tutub. Ölkə iqtisadiyyatının inkişafında və Azərbaycan qadınlarının iqtisadi və sosial qayğılarının həllində verdiyi töhfəyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadə, Güvən Xeyriyyə Cəmiyyətinin sədri, xeyriyyəçi Nigar Bayramlı, rəssam modelyer, uğurlu sahibkar qadın Fəxriyyə Xələfova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının sədri Səkinə Babayeva, Sahibkar Qadınlar Assosasiyasının sədri Vəfa Əfəndiyeva, Azərbaycan Respublika Qadın Cəmiyyətinin sədri Bahar Qasımova, Milan Hospitalın rəhbəri Xuraman Muradova, Nərgiz klinikasının rəhbəri Məlahət Qəhrəmanova, Gazelli Qrup-un direktoru Nərmin İsmayılova təltif edilib.
Mükafatlandırma bitdikdən sonra panel müzakirələrinə başlanılıb. I panelin mövzusu “İcmaların qadınların inkişafında rolu: perspektivlər və problemlər”, II panelin mövzusu isə “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” olub.
İlk paneldə spikerlər:
Məleykə Əlizadə-“Qadın koorperativləri qadın məşğulluğunun açarı kimi”;
Rəna Mirzəzadə – “Qadın hüquqlarının qorunmasında icmaların rolu”;
Gülbəniz Qənbərova – “Sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrdə yaşayan qadın və qızların icma şəklində sahibkarlığına dəstək”.
2-ci paneldə isə spikerlər:
Ülviyyə Axundova – “Qadınlar arasında sahibkarlıq fəaliyyətinin təbliği, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin inkişafında prioritetlər və resurslar”;
Səkinə Babayeva – “Sosial sahibkarlıq və qadınlar”;
Zenfira Ağayeva – “Qadın sahibkarlar üçün biznesin incəlikləri”.
Qeyd edək ki, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan və yerli və beynəlxalq təşkilatların, eləcə də dövlət qurumlarının nümayəndələri də daxil olmaqla 100 sahibkar qadın qatılıb. Layihənin məqsədi Azərbaycanda qadınların, xüsusən də, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadiyönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir. Layihə koalisiya formasında icra olunur. Koalisiyada Gələcək Naminə VCİD İctimai Birliyi, Gənc Mühasiblər İctimai Birliyi, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyəti yer alır.