
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 35 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.
20 Yanvar tarixi Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı deyil, həm də mübarizlik və qəhrəmanlıq günüdür. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi və nəticədə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həmçinin sovet qoşunları tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, həmçinin yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlaklar məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri var idi. Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli lider Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır”.
Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi.Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri həll etdi. Atəşkəsə nail olundu, ordu quruculuğu işlərinə başlanıldı. Dünya dövlətlərinin ölkəmizdə gedən müsbət proseslərə marağı artdı. Uğurlu islahatların bünövrəsi qoyuldu.Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini



