
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı qlobal informasiya məkanında medianın rolunu və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının əhəmiyyətini bir daha gündəmə gətirdi. Tədbirin miqyası və iştirakçıların tərkibi Forumun artıq beynəlxalq xarakter daşıdığını göstərir. Builki tədbirdə 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdir. Son dörd il ərzində isə Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirərək böyük bir platformaya çevrilmişdir. Forumun əsas ideyası maraq doğuran məsələləri müzakirə etmək və dünyanın müxtəlif guşələrindən gələn media nümayəndələri üçün Şuşada qarşılıqlı anlaşma mühiti yaratmaqdır.
Dövlət başçısı qeyd etmişdir ki, bu mühit çox mehriban və müsbətdir, müxtəlif mediadan olan bir çox insanlar Şuşadakı görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Dövri olaraq buraya gələn qonaqlar Qarabağın inkişafını, yenidənqurma işlərini görürlər; əvvəllər yalnız dağıntıları görənlər indi şəhərləri, yeni mənzillərdə yaşayan insanları görürlər. Bu cür tədbirlərin ən mühüm meyarı isə qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və xaricdə ictimai rəyi formalaşdıran insanları toplamaq və onlara real inkişafı göstərməkdir. Azərbaycan informasiya blokadasını yarmaq üçün daim səy göstərir və bu işdə Mixail Qusman kimi Azərbaycan xalqının layiqli oğullarının rolu böyükdür. O, İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttindən reportajlar hazırlayaraq ölkəmizə informasiya blokadasını yarmağa çox kömək etmişdir.
Bununla belə, dünyada ədalətli media fəaliyyətinə qarşı təzyiqlər də mövcuddur. Bəzi media nümayəndələri sadəcə Azərbaycan Prezidentinə müsbət sual verdiyinə və ya Azərbaycan haqqında müsbət fikirlər söylədiyinə görə vəzifəsindən azad edilir və ya xarici agent elan olunurlar. Eyni zamanda, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirlərdə iştirak edən, müstəmləkəçiliyə qarşı səsini ucaldan bəzi şəxslər hədələnir, saxlanılır və hətta həbs olunurlar. Bütün bunlar insan hüquqlarından danışanların gözü qarşısında baş verir. Bu səbəbdən müstəqil medianın rolu çox böyük əhəmiyyət daşıyır və media ədalətsizliyə, ikili standartlara və müstəmləkəçiliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarət nümayiş etdirməlidir.
Sevinc Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



