Prezident İlham Əliyev: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi qeyd olunub.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Rayon 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.
Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.
Bu gün Azərbaycan xalqı öz tarixi Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurtulmasının ildönümlərini qürurla qeyd edir. 2020-ci il oktyabrın 25-də Qubadlıda erməni əsarətinə son qoyulub. 31 iyul 2023-cü ildə imzalanmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 oktyabr “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. Ölkə başçımızın da dediyi kimi, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat və xalq-iqtidar birliyi kimi amillər bizə qələbəni gətirib. Artıq Azərbaycan suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.
Uzun müddət erməni işğalında olan Qubadlı şəhəri 2020-ci ilin 25 oktyabrında azadlığına qovuşdu və Qubadlının qubarlı günləri keçmişdə qaldı.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri