
2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni, şanlı bir səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. Həmin qəhrəmanlıq salnaməsində Füzuli uğrunda gedən döyüşlər xüsusi yer tutur.
Füzuli şəhəri və rayonun bir sıra kəndləri – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin və strateji əməliyyatlarından biri hesab olunur. Düşmən 30 il ərzində bölgədə çoxsaylı müdafiə xətləri qurmuş, lakin Azərbaycan əsgərinin iradəsi və texniki üstünlüyü qarşısında bu sədlər qısa müddətdə yarılmışdır. Füzulinin azad olunması ilə Azərbaycan Ordusu cəbhənin cənub istiqamətində strateji üstünlük əldə etdi və Şuşaya gedən Zəfər yolunun təməli məhz bu qələbə ilə qoyuldu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” kimi təsis edildi. Bu qərar həm şəhərin azadlığının, həm də müasir dirçəlişinin rəmzidir.
Müharibədən dərhal sonra dövlət başçısının tapşırığına əsasən Füzuli rayonunun bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. 2023-cü ildə “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” təsdiqlənmiş, infrastrukturun müasir tələblərə uyğun formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə – cəmi səkkiz ay ərzində inşa edilməsi və 26 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı bu bölgənin iqtisadi və strateji əhəmiyyətini daha da artırmışdır. Bununla yanaşı, Zəfər, Əhmədbəyli-Füzuli-Şuşa və Füzuli-Hadrut avtomobil yolları, Füzuli yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi və Köndələnçay su anbarları kimi mühüm obyektlər istifadəyə verilmişdir.
Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü ildən etibarən keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı başlanmış, indiyədək yüzlərlə ailə doğma yurduna qovuşmuşdur. Növbəti illərdə bu prosesin daha da genişlənməsi və on minlərlə vətəndaşın Füzulidə daimi yaşayışa qayıtması planlaşdırılır.
Füzulinin yenidən qurulmasında qardaş ölkələrin dəstəyi xüsusi önəm daşıyır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunub. Bu layihələr Türk dünyasının həmrəyliyinin və mənəvi qardaşlığının bariz nümunəsidir.
Bu gün Füzuli şəhəri sürətlə yenidən qurulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan layihələr nəticəsində şəhər qısa zamanda Cənubi Qafqazın ən müasir yaşayış məkanlarından birinə çevrilir. 17 oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının qürurunun, birliyinin və dövlətçilik qüdrətinin təntənəsidir.
Rəşadət Xalıqov,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini