AnalitikaGündəmSiyasətSosial
Trend

Rəşadət Xalıqov: Ulu Öndər Heydər Əliyevin siyasi qayıdışı Azərbaycanın gələcək yolunu müəyyənləşdirdi

“Azərbaycanın müasir siyasi tarixində 15 İyun – Milli Qurtuluş Günü dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin olunması və müstəqil inkişaf modelinin formalaşması baxımından mühüm dönüş nöqtəsidir. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb geosiyasi və daxili siyasi proseslərlə üz-üzə qalmışdı. Dövlət idarəçiliyində yaranmış böhran, hakimiyyət institutlarının zəifləməsi, iqtisadi çətinliklər və təhlükəsizlik problemləri ölkənin müstəqilliyinin gələcəyi üçün ciddi risklər yaradırdı. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran əsas məsələ yalnız müstəqilliyi elan etmək deyil, onu qoruyacaq güclü dövlət mexanizmi yaratmaq idi. Məhz bu tarixi mərhələdə Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Onun zəngin idarəçilik təcrübəsi, siyasi uzaqgörənliyi və milli maraqları əsas götürən yanaşması ölkənin böhran vəziyyətindən çıxarılmasında həlledici rol oynadı”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi Azərbaycanda sabitliyi bərpa etmək, dövlət institutlarını gücləndirmək və müstəqilliyi real siyasi və iqtisadi dayaqlarla təmin etmək idi. Ulu Öndər yaxşı anlayırdı ki, güclü dövlət yalnız siyasi iradə ilə deyil, möhkəm iqtisadi baza, peşəkar idarəetmə sistemi və milli həmrəylik üzərində qurulur. 1993-cü ildən sonra Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətləri müəyyən edildi. Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi əsasların yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və iqtisadi islahatların həyata keçirilməsi ölkənin gələcək inkişafının təməlini qoydu.

“Ulu Öndər Heydər Əliyevin ən böyük siyasi xidmətlərindən biri Azərbaycanın beynəlxalq sistemdə öz mövqeyini formalaşdırması idi. Onun təşəbbüsü ilə həyata keçirilən enerji strategiyası Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsinə, ölkəyə xarici investisiyaların cəlb olunmasına və regionda strateji mövqeyinin artmasına imkan verdi. Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə iqtisadi inkişaf, güclü ordu quruculuğu, beynəlxalq nüfuzun artırılması və milli maraqların müdafiəsi prioritet istiqamətlər olaraq qalır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin siyasi xəttinin mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu. 2020-ci ildə əldə edilən tarixi qələbə Azərbaycanın hərbi, siyasi və diplomatik imkanlarının nəticəsi olmaqla yanaşı, uzun illər ərzində formalaşdırılan dövlət strategiyasının mühüm nəticəsi kimi qiymətləndirilir.

Onun sözlərinə görə, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində sabitlik, milli birlik və strateji inkişaf anlayışlarının göstəricisidir. Bu tarix bizə göstərir ki, dövlətlərin taleyində liderlik, siyasi iradə və milli həmrəylik həlledici amillərdən biridir. Azərbaycan bu gün öz müstəqil siyasətini həyata keçirən, regionda mühüm rol oynayan və gələcəyə inamla addımlayan dövlətdir. 15 İyun isə bu yolun başlanğıc mərhələsini, dövlətçiliyin yenidən gücləndiyi tarixi anı ifadə edir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button