
2 fevral – Azərbaycan Gəncləri Günü ölkədə gənclərə yönəlik siyasətin sözlə yox, əməli addımlarla təsdiqləndiyi bir tarixdir. Bu siyasətin əsasında gənclərə inam, onların potensialına güvən və dövlət idarəçiliyinə cəlb olunması dayanır. Azərbaycanın müasir gənclər siyasətinin ideoloji və strateji təməli isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Məhz Heydər Əliyev gəncliyi dövlətin gələcək taleyini müəyyən edən əsas qüvvə kimi qiymətləndirərək, onların milli ruhda, müasir düşüncəli və vətənpərvər yetişdirilməsini prioritet elan edib. Bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial şəkildə davam etdirilir.
Bu gün Azərbaycan gənci dövlətin diqqət mərkəzindədir. Onların təhsil imkanlarının genişləndirilməsi, sosial və ictimai-siyasi proseslərdə fəal iştirakı, beynəlxalq platformalara çıxışı təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin gənclərə olan sistemli yanaşmasının nəticəsidir. Dövlət başçısı gəncliyi təkcə gələcəyin deyil, bu günün də əsas dayağı kimi qiymətləndirir.
Gənclərin məsul vəzifələrə irəli çəkilməsi, qərarvermə mexanizmlərində yer alması, dövlət və ictimai strukturlarda fəallığı Prezidentin formalaşdırdığı müasir idarəetmə modelinin mühüm tərkib hissəsidir. Bu modelin ideoloji əsasları Ulu Öndər Heydər Əliyevin siyasi irsindən qaynaqlanır və burada gənclik icraçı yox, tərəfdaş kimi qəbul olunur.
Müasir çağırışlar fonunda — informasiya müharibəsi, siyasi manipulyasiyalar və qlobal təzyiqlər şəraitində — gənclərin milli maraqlara söykənən düşüncə ilə formalaşması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən siyasət gənclərin dövlətçilik mövqeyini möhkəmləndirir və onların cəmiyyət qarşısında məsuliyyət hissini artırır.
44 günlük Vətən müharibəsi və sonrakı dövrdə gənclərin nümayiş etdirdiyi birlik, nizam-intizam və siyasi yetkinlik Prezident İlham Əliyevin illərdir apardığı gənclər siyasətinin real nəticəsi oldu. Bu uğurun təməlində isə vaxtilə Heydər Əliyevin müəyyənləşdirdiyi strateji baxış dayanır. Bu, spontan deyil — düşünülmüş, məqsədyönlü dövlət strategiyasının məntiqi yekunudur.
Bu prosesdə siyasi təşkilatlanma da mühüm rol oynayır və bu istiqamətdə Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi fəallığının artmasında önəmli platforma kimi çıxış edir.
2 fevral — dövlətlə gənclik arasında formalaşan etimadın rəmzidir. Bu etimadın arxasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt, Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və gələcəyə hesablanmış baxış dayanır.
Prezidentinə inanan gənclik — dövlətinə güvənən gənclikdir.
Səbinə Həsənova,
YAP-ın fəalı



