Soğanın qiyməti kəskin artıb
Paytaxt bazarlarında soğanın qiyməti əvvəlki illərlə müqayisədə kəskin artıb.
İnfososium.az ATV-yə istinadən xəbər verir ki, bir ay öncə 50 qəpiyə satılan soğanın kiloqramı 80 qəpik olub.
Soğan əkimi ilə məşğul olan fermerler bildirib ki, ötən il əkim çox olduğundan əksər fermerlər məhsulu istədikləri qiymətə sata bilməyiblər. Buna görə də ziyana düşüblər: “Həmişəki illərə nisbətən daha az soğan əkimi edirik. Ona görə ki, verdiyimiz pulu çıxartmaq olmur”.
Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov qeyd edib ki, artıma səbəb fermerlərin plansız işləməsidir: “Aparılan monitorinqlər onu göstərir ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmirlər. Yəni, bu, bəzi məhsulların daha çox istehsal olunmasına, bəzilərinin isə az yetişdirilməsinə şərait yaradır. Belə olduqda isə qiymət artımı və azalması kimi hallar baş verə bilir”.
Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya görə isə fermerlərə hər hansı planla bağlı əkin tövsiyə edilmir: “Fermer əkəcəyi məhsulu və onun miqdarını özü planlaşdırmalıdır. Soğanın qiymətinin artmasına səbəb məhsul azlığıdır. Amma bu, müvəqqqətidir”.