Strateji əhəmiyyətli loqistik layihələr
Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar sırasında nəqliyyat infrastrukturunun müasir əsaslarla yenidən qurulmasıyla ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi önəmli yer tutur.
Həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Xüsusilə, Bakı-Tbilisi-Qars və Rəşt-Astara dəmir yolu xətlərinin reallığa çevrilməsi beynəlxalq nəqliyyat sferasında diqqətləri Azərbaycanın üzərində cəmləşdirib ki, bu da son nəticədə Qədim İpək Yolunun bərpasında dövlətimizin qarşısına qoyduğu strateji və iqtisadi hədəflərə tam mütənasibdir. Nəticədə, ölkəmizdə hava, dəniz və qurudan, o cümlədən, dəmir yolu vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.
Azərbaycanın təşəbbüskarı və birbaşa iştirakçısı olduğu regional və qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi enerji və yük daşımaları sahəsində səmərəliliyi artırmaqla yanaşı, bütövlükdə regionun inkişafına müsbət töhfə verməkdədir. Regionun əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur .
Aparıcı region dövlətləri ilə qurulan təmaslar, qarşılıqlı səfərlərdə əldə olunan müsbət nəticələr, həyata keçirilən müştərək layihələr, xüsusilə qarşılıqlı etimad mühitinin mövcudluğu nəqliyyat-gömrük sferasında əlaqələrin inkişafına müsbət təsir edən əsas amillərdən biridir.
Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir – Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən “Şimal-Cənub” dəhlizi, həmçinin, Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var.
Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin tranzit mövqeyinin möhkəmləndirməsi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşması, ticarət əlaqələrinin genişlənməsi, yük daşımaları ilə əlaqəli infrastruktur sahələrin daha da inkişafına fayda qatacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, Zəngəzur nəqliyyat dəhlizi layihəsi də aktual oldu. Zəngəzur nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək, Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir nöqtədir.
Füzuli,Zənqilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqları üçün vacib sayılan çox mühüm strateji layihələrdir.
Azərbaycanın apardığı regional ticarət siyasətinin başlıca xüsusiyyəti regionda ölkənin tranzit mövqeyinin möhkəmləndirməsi və geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir.
Mətanət Cəfərova,
YAP-ın fəalı