
Azərbaycan Respublikası regionda və dünyada sülhün, multikulturalizmin, həmçinin qarşılıqlı etimadın qarantı olaraq mühüm qlobal təşəbbüslərə ev sahibliyi etməkdədir. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi bu missiyanın əyani təsdiqi oldu. Türkiyə, Özbəkistan, Qazaxıstan kimi qardaş ölkələrin, habelə Şimali Qafqaz respublikalarının ali dini rəhbərlərinin iştirak etdiyi bu mötəbər görüşdə dövlət başçısı bildirdi ki, xalqımızın mənəvi dəyərlərə olan sədaqəti və din xadimlərinin Bakıda bir araya gəlməsi xalqlarımız arasındakı qardaşlıq bağlarını daha da gücləndirir, dünyaya sülh və barışıq mesajı verir.
Dövlət başçısı nümayəndə heyəti ilə söhbətində xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi dahi şəxsiyyətlərin fəaliyyətini xatırladaraq, mənəvi irsimizin zənginliyinə toxundu. O, TDT dini rəhbərlərinin toplantısı ilə eyni günlərdə XV əsr mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın keçirilməsinin xüsusi məna daşıdığını vurğuladı. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahilərin irsinin bütün İslam aləminin ortaq sərvəti olduğunu deyən Prezident, Qafqaz Albaniyasının paytaxtı Qəbələ və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin timsalında Azərbaycanın Türk dünyası ilə Qafqazı qovuşdıran unikal mənəvi məkan olduğunu qonaqların diqqətinə çatdırdı.
İslam coğrafiyasındakı mövcud reallıqlara və qlobal çağırışlara toxunan Prezident İlham Əliyev müsəlman dünyasında həmrəyliyin qorunmasının vacibliyini xüsusi vurğuladı. O bildirdi ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı xətti ilə hər zaman sülh və barışığın təmin olunmasına çalışır; IV İslam Həmrəylik Oyunları və ölkəmizdə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü bunun əyani sübutudur. Dövlət başçısı qətiyyətlə bəyan etdi ki, müsəlman ölkələri arasındakı anlaşılmazlıqlara son qoymaq, xalqlarımızı vahid ailə kimi birləşdirmək və İslam dininə qarşı yönəlmiş məkrli təsirlərin qarşısını almaq yalnız birgə və müştərək səylərlə mümkündür.
Prezident İlham Əliyev qonaqların Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərə toxunaraq, Ermənistanın işğal dövründə 65 məscidi dağıtmasını və inanc yerlərimizi təhqir etməsini İslam dünyasına qarşı törədilmiş böyük vəhşilik kimi qiymətləndirdi. Lakin o, qürurla qeyd etdi ki, Azərbaycan xalqı rəşadətli Ordunun gücü ilə tarixi ədaləti özü bərpa etmiş, işğalçılara və separatçılara lazımi dərsini vermişdir. Bu gün azad olunmuş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində məskunlaşmaların aparıldığı Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini vurğulayan dövlət başçısı, Azərbaycanın qalib xalq və qüdrətli dövlət kimi əbədi olaraq sülh içində yaşayacağını bütün dünyaya bəyan etdi.
Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri



