AnalitikaGündəmSiyasət

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə Qardaşlığının Yeni Zirvəsi

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” – Mustafa Kamal Atatürk

“Bir millət, iki dövlət” – Heydər Əliyev

Tarixdə elə hadisələr vardır ki, onlar təkcə müəyyən bir dövrün deyil, bütöv bir gələcəyin istiqamətini müəyyənləşdirir. 2021-ci il iyunun 15-də Azərbaycanın qədim mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” məhz belə tarixi sənədlərdəndir. Bu Bəyannamə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini yeni mərhələyə yüksəltmiş, iki dövlət arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən etmiş və regionun gələcək inkişafına mühüm təsir göstərmişdir.

 

Şuşa Bəyannaməsinin məhz işğaldan azad olunmuş Şuşada imzalanması böyük siyasi və mənəvi məna daşıyır. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təsdiqi olmaqla yanaşı, bölgədə yaranmış yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad Şuşada imzalanan bu sənəd əcdadlarımızın bizə əmanət etdiyi qardaşlıq və birlik ideallarına sədaqətin bariz nümunəsidir.

 

Bəyannamə Azərbaycan və Türkiyə münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil, mədəniyyət və informasiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Bu sənəd göstərir ki, iki qardaş ölkə yalnız ortaq tarixə deyil, həm də ortaq gələcəyə malikdir. Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Sənəddə tərəflərin bir-birinin təhlükəsizliyinə və suverenliyinə dəstək verməsi, hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesində birgə layihələrin həyata keçirilməsi və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması öz əksini tapmışdır. Bu müddəalar regionda sülhün və sabitliyin qorunmasına xidmət etməklə yanaşı, Azərbaycan və Türkiyənin müdafiə potensialını daha da gücləndirir. Bəyannamənin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Qarşılıqlı investisiyaların artırılması, enerji layihələrinin genişləndirilməsi, ticarət əlaqələrinin inkişaf etdirilməsi və yeni nəqliyyat marşrutlarının yaradılması hər iki ölkənin iqtisadi qüdrətini artırır. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirməklə yanaşı, Avropa ilə Asiya arasında yeni iqtisadi körpünün formalaşmasına şərait yaradır. Bu dəhliz Orta Dəhlizin inkişafına yeni təkan verərək beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayacaqdır.

Şuşa Bəyannaməsi eyni zamanda Türk dünyasının inteqrasiyasına xidmət edən mühüm sənəddir. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində aparıcı rol oynayır. Bu əməkdaşlıq yalnız iqtisadi və siyasi sahələri deyil, həm də ortaq mədəniyyətin, dilin və milli-mənəvi dəyərlərin qorunmasını əhatə edir. Bu baxımdan Şuşa Bəyannaməsi Türk dünyasının gələcək inkişafının strateji yol xəritəsi kimi qiymətləndirilə bilər. Sənədin mühüm istiqamətlərindən biri də diaspor və informasiya siyasətidir. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının fəaliyyətinin əlaqələndirilməsi, birgə media platformalarının inkişaf etdirilməsi və beynəlxalq arenada ortaq mövqenin nümayiş etdirilməsi ölkələrimizin milli maraqlarının müdafiəsinə xidmət edir. Müasir informasiya müharibələrinin yaşandığı dövrdə bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsi Ermənistan daxilindəki revanşist qüvvələrə və regionda sabitliyi pozmaq istəyən dairələrə də mühüm mesajdır. Sənəd açıq şəkildə göstərir ki, Azərbaycan və Türkiyə bölgədə sülhün, təhlükəsizliyin və beynəlxalq hüququn tərəfdarıdır və hər hansı təhdid qarşısında birlik nümayiş etdirmək əzmindədirlər.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək mərhələsini ifadə edən tarixi sənəd kimi qiymətləndirilir. İmzalanmasından ötən müddətdə həyata keçirilən layihələr, keçirilən beynəlxalq konfranslar və əldə olunan nəticələr sübut edir ki, bu Bəyannamə yalnız siyasi bəyanat deyil, real fəaliyyət proqramıdır.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlığın, strateji müttəfiqliyin və ortaq gələcəyə inamın təcəssümüdür. Bu sənəd iki dövlətin gücünü birləşdirərək regionda sülhə, sabitliyə və inkişafa xidmət edir. Şuşadan dünyaya verilən bu tarixi mesaj gələcək nəsillər üçün də birlik, həmrəylik və qardaşlıq nümunəsi olaraq qalacaqdır.

Elvin Ehtiramlı,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button