AnalitikaGündəmSiyasət

ŞUŞA BƏYANNAMƏSİ: TARİXİ VARİSLİK VƏ MÜTTƏFİQLİYİN STRATEJİ ZİRVƏSİ

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi iki qardaş xalqın sarsılmaz bağlarının fəlsəfi və strateji zirvəsidir. Bu tarixi sənəd Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” amalı əsasında formalaşıb. İşğaldan azad edilmiş Şuşada bu milli öhdəliyin rəsmiləşdirilməsi əcdadlarımızın ideallarına ali ehtiram olmaqla yanaşı, gələcək nəsillərə regional liderliyin yol xəritəsini göstərir.

Sənəd tərəfdaşlığın miqyasını genişləndirərək onu tam əhatəli müttəfiqlik müstəvisinə qaldırmışdır. Burada siyasi, iqtisadi və ticarət əlaqələri ilə bərabər, hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi potensialının birləşdirilməsi və enerji təhlükəsizliyi prioritet istiqamətlər kimi qarşıya qoyulub. Xüsusilə Zəngəzur dəhlizinin açılması və nəqliyyat xətlərinin bərpası regional inteqrasiyanı sürətləndirməklə, Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təminatçısına çevrilir.

Münasibətlərin gələcək məzmunu qlobal çağırışlara qarşı vahid təhlükəsizlik arxitekturasının yaradılmasını zəruri edir. Bəyannamə Bakı və Ankaranın hər hansı üçüncü tərəfdən gələ biləcək təhdidlərə, müstəqillik və suverenliyə yönələn təhlükələrə qarşı birgə, koordinasiyalı fəaliyyətinə hüquqi zəmanət verir. Orduların müasirləşdirilməsi, birgə hərbi təlimlərin intensivliyi və idarəetmə sistemlərinin tam uyğunlaşdırılması bu müttəfiqliyin nüvəsini təşkil edərək regionda güclər balansını qoruyur.

Eyni zamanda, sənəddə Azərbaycan və Türkiyənin xarici siyasət strategiyalarını qarşılıqlı maraqlar əsasında uzlaşdırmaq xətti aydın şəkildə yer alıb. Bu müddəa hər iki dövlətin bütün beynəlxalq platformalarda bir-birinə şərtisiz dəstək nümayiş etdirməsini qanuniləşdirir. Regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış etmək, beynəlxalq hüququ birgə müdafiə etmək diplomatiyamızın manevr imkanlarını genişləndirir və ittifaqımızın qlobal çəkisini artırır.

Bəyannamənin mətnində düz bir əsr əvvəl imzalanmış tarixi Qars müqaviləsinə edilən istinad isə dərin rəmzi məna daşıyır. Vaxtilə regional təhlükəsizliyin konturlarını cızan Qars müqaviləsinin varisliyi yeni əsrin Şuşa reallığında mükəmməl şəkildə təsbit edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yüz ildən sonra azad Şuşada imzalanan bu sənəd gələcək iş birliyimizin istiqamətini göstərir və ölkəmizin ərazi bütövlüyünün əbədi qarantı funksiyasını yerinə yetirir.

Müasir dövrün hibrid təhdidləri və informasiya müharibələri fonunda sənəd strateji media tərəfdaşlığının qurulmasını da mühüm hədəfə çevirib. İnformasiya mübadiləsinin operativ təşkili, dezinformasiyalara qarşı birgə mübarizə və rəqəmsal platformalarda ortaq fəaliyyət artıq real bəhrələrini verir. Media qurumlarının vahid informasiya məkanında güclərini birləşdirməsi regional reallıqların dünyaya obyektiv çatdırılmasını təmin edir və milli maraqlarımızın qorunmasında etibarlı ideoloji sipər rolunu oynayır.

Xəyalə Sahilova,
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button