Tarixi Zəfərdən parlaq gələcəyə

27 Sentyabrdan başlayan və bütün ərazilərimizdə suverenliyin bərpa olunması ilə tamamlanan bu şanlı yol Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq zirvəsidir. Otuz ilə yaxın davam edən işğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi xalqımızın milli qürurunu, özünəinamını və sarsılmaz birliyini bərpa etdi.
Bu gün Azərbaycan təkcə öz torpaqlarını azad etmiş dövlət kimi deyil, həm də Cənubi Qafqazda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq reallıqları yaradan lider ölkə kimi çıxış edir. Regional nəqliyyat və logistika dəhlizlərinin açılması, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dövriyyəyə inteqrasiyası bütün bölgənin inkişafına yeni təkan verir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yürüdülən müstəqil və uzaqgörən xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirir.
Əldə olunan bütün bu tarixi nailiyyətlərin təməlində isə Vətən uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi və qazilərimizin fədakarlığı dayanır. 27 Sentyabr Anım Günü bizə hər zaman xatırladır ki, bu gün yaşadığımız sülh, sabitlik və inkişaf hansı ağır sınaqlar və böyük qəhrəmanlıqlar hesabına qazanılıb.
Gələcək nəsillərin öhdəsinə düşən başlıca vəzifə bu müqəddəs əmanəti göz bəbəyi kimi qorumaq, şəhidlərin qanı ilə yazılmış Zəfər salnaməsini yaşatmaq və güclü, suveren Azərbaycanı daha da işıqlı sabahlar doğru irəlilətməkdir.
Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini



