SosialMaraqlı

“Torpaq olmazdı, əgər o adlar olmasaydı” layihəsinin ikinci tədbiri keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Torpaq olmazdı, əgər o adlar olmasaydı” layihəsi üzrə YAP Nizami rayon təşkilatında ikinci tədbir təşkil olunub.

İnfososium.az xəbər verir ki,tədbirin əsas məqsədi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın adlarını, həyat yollarını və ölməz xatirələrini gənclər arasında təbliğ etmək, şəhidlərimizin xatirəsini daim yaşatmaq, eyni zamanda gənclərdə vətənpərvərlik, milli məsuliyyət və dövlətə sədaqət hisslərini daha da gücləndirmək olub.

Tədbirdə Milli Qəhrəmanları Tanıtma İB Nizami rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov, şəhidlərimizin ailə üzvləri – Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan xanım, Şəhid Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı Vüsalə xanım, Şəhid Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl xanım, Şəhid Milli Qəhrəman Əsəd Əsədovun həyat yoldaşı Sevil xanım və Şəhid Milli Qəhrəman Mir Əskərin anası Zenfira xanım, həmçinin YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli və layihə rəhbəri Çinarə Musayeva çıxış ediblər.

Çıxışlarda qəhrəmanlarımızın həyat yolunun gənc nəsil üçün nümunə olduğu, onların göstərdiyi misilsiz fədakarlıqların əhəmiyyəti vurğulanıb. Tədbir interaktiv müzakirələr şəraitində davam edib, iştirakçı gənclərin mövzu ilə bağlı fikirləri və sualları dinlənilib.
Sonda iştirakçılara layihənin növbəti mərhələləri barədə ətraflı məlumat verilib və sertifikatlar təqdim olunub.
Sonda xatirə şəkili çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button