AnalitikaGündəmSiyasət

Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada daha nüfuzlu bir güc mərkəzinə çevrilib

21 may 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutdu. Görüşdə təşkilata üzv ölkələrin liderləri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iştirak etdi və mühüm çıxışla yadda qaldı. Prezidenti Cənab İlham Əliyev çıxışına iştirakçılara təşəkkür etməklə və onları Azərbaycan torpaqlarına, o cümlədən azad olunmuş Qarabağ və Şuşa şəhərlərinə dəvət etməklə başladı. Bu dəvət yalnız dostluq jesti deyil, həm də Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünün beynəlxalq miqyasda qəbul olunmasının bir təzahürü idi. Daha sonra Prezident Cənab İlham Əliyev qeyd etdi ki, Türk dünyası ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada daha nüfuzlu bir güc mərkəzinə çevrilməsi üçün səylər artırılmalı və üzv dövlətlər arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq dərinləşdirilməlidir.

Prezident Cənab İlham Əliyev çıxışında Türk xalqları arasında mövcud olan ortaq dil, mədəniyyət, tarix və mənəvi dəyərlərin bu əməkdaşlığın təməlində dayandığını vurğuladı. O bildirdi ki, bu ortaq irs yalnız keçmişin xatirəsi kimi deyil, gələcəyə aparan yolun açarı kimi qəbul edilməlidir. İlham Əliyev “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” fikri ilə bu istiqamətdə məqsədyönlü fəaliyyətin vacibliyinə diqqət çəkdi. Azərbaycan Prezidenti həmçinin vurğuladı ki, üzv dövlətlərin malik olduğu təbii sərvətlər, nəqliyyat-logistika imkanları, enerji resursları və insan kapitalı Türk dünyasının müstəqil və güclü bir ittifaq şəklində formalaşması üçün ciddi potensial yaradır. Bu resurslar birgə şəkildə səmərəli istifadə olunarsa, Türk Dövlətləri Təşkilatı regionda və dünyada söz sahibi olan bir gücə çevrilə bilər. Azərbaycanın son illərdə həyata keçirdiyi Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu kimi regional layihələr də bu əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib və digər türk dövlətləri üçün yeni iqtisadi imkanlar yaradır.

Qeyd etmək lazımdır ki, görüş Macarıstanın təşəbbüsü ilə təşkil olunmuşdu və bu, Macarıstanın türk dövlətləri ilə olan əlaqələrinə verdiyi önəmi bir daha nümayiş etdirdi. Macarıstan, TDT-də müşahidəçi dövlət statusuna malik olsa da, təşkilatın fəaliyyətində aktiv iştirak edir və Avropa ilə Türk dünyası arasında körpü rolunu oynamağa çalışır.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button