Türk Dövlətləri Təşkilatının güclənməsi onun bölgədə söz sahibinə çevrilməsini şərtləndirir
“15 il öncə – 3 oktyabr 2009-cu ildə imzalanmış Naxçıvan müqaviləsi qurulmuş Türk Dövlətləri Təşkilatı üzvləri arasında dərin əməkdaşlıq münasibətləri mövcuddur. Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə əməkdaşlığın daha da dərinləşməsinə töhfəsini verir”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri deyib.
Ramil Vəlibəyov bildirib ki, səkkiz ölkəni və 200 milyonluq xalqı birləşdirən Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir: “Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatlarının məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn, Macarıstanın da Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur ki, bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Sözsüz ki, Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar formalaşdırmaqdadır. Bu isə təşkilatın daha da güclənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir”.
“Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur da Türk Dövlətləri Təşkilatının üzvlərinin əməkdaşlıq platformasına çevrilməkdədir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olaraq məktəb və yaradıcılıq mərkəzləri inşa etdirməsi sözügedən əməkdaşlığın əyani sübutlarıdır: “Onu da əlavə edək ki, son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir, hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.