Ümumilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır.
Azərbaycan xalqı da öz liderini sevib və yaddaşlarda layiqli şəkildə bu günə kimi qoruyub saxlamışdır. Tarixə nəzər salsaq xalqımızın Heydər Əliyev şəxsiyyətinin olan sevgisinə səbəb ola biləcək bir çox misallar çəkmək, mühüm hadisələri xatırlatmaq olar. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha gərginləşməsi ilə ölkənin o dövrdəki rəhbərliyi də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Ulu öndər Heydər Əliyev deyirdir: ”Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmalıyam”. Beləliklə,dahi şəxsiyyət ömrünün qalan hissəsini öz xalqının rifahı naminə qurban verməyə hazır olduğunu vurğuladı.
H.Əliyev öz müdrik siyasəti nəticəsində yenicə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi.O,ölkəni böyük bəladan xilas etdi və Azərbaycanı boyük və işıqlı inkişaf yoluna çıxartdı.
Beləcə ,ilk gündən başlayaraq Ulu Öndərin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki,Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir.
Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də dahi şəxsiyyətə etimad göstərərək 98,8 faiz səslə onu prezident seçməklə yanılmadığını bir daha sübut etdi və öz taliyini H.Əliyev kimi bir siyasətçinin ixtiyarına buraxdı.
Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən enerji məsələsində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin qarşısını alırdı.
AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC-nin rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərgin vəziyyət almış və İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişmişdi. Eləcə də, Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara əlavə olaraq ölkəmizə Gürcüstandan azərbaycanlıların böyük axını başlamışdı.
Bu hakimiyyət də əvvəlki iqtidar kimi Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşır, hər vəchlə onu respublikada baş verən siyasi proseslərdən təcrid etməyə cəhd göstərirdi. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə çıxış edərək Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər. Bundan qorxuya düşən Xalq Cəbhəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər.
O dövrü Heydər Əliyev belə xatırlayırdı:
“1992-ci ilin oktyabr ayında, biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman bəziləri bunu da bizə çox gördülər, Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi Daxili İşlər Nazirliyini zəbt etdi, televiziyanı zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki, xalq bizimlə idi.
Mən o vaxt hər bir rabitədən məhrum olduğum üçün bir çox vətənpərvər insanlar avtomobillərlə dərhal şəhərin məhəllələrinə, ətraf kəndlərə, başqa kəndlərə gedərək, insanları Ali Məclisin qarşısına dəvət edirdilər. Bir neçə saat içərisində Naxçıvanın 20 minə qədər qeyrətli, namuslu kişiləri, qadınları, gəncləri, ağsaqqalları toplaşdılar və sinələrini irəliyə verib Naxçıvanın o vaxtkı Ali Məclisini və Heydər Əliyevi müdafiə etdilər.”
Ölkədə sabitliyin bərqərar olması üçün gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı