Ümumilli Lider Heydər Əliyev hər zaman xalqımıza şərəflə xidmət etmişdir
30 il əvvəl 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Anarxiya və hakimiyyətsizlik hökm sürürdü. Dağınıq silahlı birləşmələrdən ibarət “ordu”, həmin dəstələrin komandirlərinin rəqabəti, intizamsızlığı və yalnız öz maraqlarını güdməsi nətiəsində cəbhədə düşmənin istilasına rəvac verilən dövr yaşanırdı. Ölkə məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda və cənubda separatçılar müxtəlif planlar qurmuşdular. Cəbhədə isə düşmən fəallaşmışdı. O, Bakıdakı hakimiyyətin bivecliyini, zəifliyini, passivliyini görmüşdü. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Xalqımız müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını yalnız və yalnız Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Xalqımızın xilkaskar oğlu dahi Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, şair və filosof H.Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”. Ümummilli Liderin layiqli varisi, müdrik siyasətinin davamçısı Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə hər zaman yüksək diqqət göstərir. Hüseyn Cavidin 130 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi, ölməz sənətkarın irsinə, onun ev muzeylərinə göstərilən yüksək qayğı və diqqət bunun əyani sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının vurğuladığı kimi, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə – istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bugün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı