Xalqımız bundan sonra da öz Liderinin ətrafında bir yumruq kimi sıx birləşərək daha böyük uğurlara imza atacaq
“Müasir tariximizə Zəfər seçkiləri kimi yazılan 7 fevral prezident seçkiləri Azərbaycanın son 20 ildə qazandığı uğurlara verilən dəyərin, cənab İlham Əliyevə etimadın, inamın təqdimatı oldu. Xalqın 92,12 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycan xalqına göstərdiyi böyük etimada, dəstəyə görə təşəkkürünü bildirdi və belə bir əminliyi ifadə etdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, budəfəki prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi. Ölkə rəhbəri ailə üzvləri ilə birgə Xankəndidə səsvermədə iştirak etdi. Bu, ölkənin tarixində əbədi olaraq qalacaq əlamətdar hadisə oldu. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
“Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin daxili və xarici dövlət strategiyası hər zaman xalq tərəfindən dəstəklənməkdədir və bu xalqın öz Prezidentinə olan sonsuz inamından qaynaqlanır. Dövlətimizin uğurla həyata keçirdiyi sosial, iqtisadi siyasət xəttinin mərkəzində insan faktoru əsas götürülür və nəticə etibarı ilə əhalinin həyat şəraiti gündən günə yaxşılaşdırılır. Həmçinin dövlətimizin yürütdüyü uğurlu xarici siyasət kursu özündə milli maraqları əsas götürərək xalqımızın parlaq gələcəyinə böyük stimul verir. Bütün bu illər ərzində xalqın ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə güclü dəstəyi Azərbaycanın bugünkü uğurlarının əsasını qoyub. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu heç kimə sirr deyil. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”.
“Xalqımız bundan sonra da öz Liderinin ətrafında bir yumruq kimi sıx birləşərək daha böyük uğurlara imza atacaq. Buna heç kimin şübhəsi ola bilməz. Artıq xalqımızın və dövlətimizin həyatında yeni, parlaq bir dövr başlayır. Bizi qarşıda fəth ediləcək yeni zirvələr və böyük zəfərlər gözləyir. Yeni dövrdə milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimiz ardıcıl və qətiyyətli şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin andiçmə mərasimində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Yeni dövrdə də Azərbaycanın müstəqil, güclü dövlətçiliyi daim möhkəmlənəcək və inkişaf edəcək”, – deyə Rəşadət Xalıqov əlavə edib.