“15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldırması ölkənin ərazi bütövlüyünün tam bərpası və milli iradənin təntənəsi kimi tarixə düşüb. Bu hadisə təkcə hərbi qələbə deyil, həm də xalqın 30 illik gözləntilərinin gerçəkləşməsi və dövlətçilik ənənələrinin güclənməsinin təzahürü olub”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan uzun illər ərzində torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə aparmış və bu yolda güclü iqtisadiyyat və ordu qurmağa önəm vermişdir. Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi gündən əsas məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını və işğal altındakı bütün ərazilərdə bayrağın ucaldılmasını müəyyən etmişdir. Xankəndidəki bayraq mərasimi bu məqsədə nail olunmasının rəmzi olaraq milli yaddaşda əbədi yer tutacaq. Xankəndidə dövlət başçımızın çıxışı zamanı vurğulanan əsas mesajlardan biri güclü iqtisadiyyatın və ordu quruculuğunun dövlət müstəqilliyinin təminatçısı olmasıdır. İqtisadi inkişafın müstəqillik üçün şərtsiz vacib olduğu fikri Prezidentin strateji yanaşmasının mərkəzində dayanır. Azərbaycanla dünya artıq hesablaşır və dövlətimiz region səviyyəsində deyil, daha geniş coğrafiyada siyasi əhəmiyyət daşıyan təşəbbüslərlə çıxış edir.
Onun sözlərinə görə, Xankəndidə dalğalanan bayraq dövlətimizin hər zaman bu torpaqlarda mövcud olacağını və gələcək nəsillərin bu qüruru yaşadacağını əks etdirir. Prezident İlham Əliyevin Xankəndidəki nitqi Azərbaycanın dövlətçilik ənənələrinə sadiqliyini və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin müvəffəqiyyətlə nəticələndiyini nümayiş etdirdi. Bu tarixi hadisə təkcə müasir dövr üçün deyil, gələcək nəsillər üçün də milli həmrəyliyin və iradənin simvolu olacaq.