“YAŞAT” Fondu daha bir qazinin müalicə xərclərini qarşılayıb
“YAŞAT” Fondu tərəfindən tibb istiqaməti üzrə işlər davam etdirilir. Fondun dəstək göstərdiyi həssas təbəqə nümayəndələrindən biri də Vətən müharibəsi əlili Emin Eminovdur. Belə ki, E.Eminovun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, müharibə əlili Emin Eminov 2020-ci il sentyabrın 28-də ön cəbhəyə yollanıb. Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak edən Emin Hadrut istiqamətində aparılan hərbi əməliyyatlardan birində yaralanıb. O, həmin günləri belə xatırlayır: “Hadruta çatmamış yüksəkliklərdən birində mövqe tutmuşduq. Düşmən minaatanlar vasitəsilə olduğumuz mövqeyə zərbələr endirirdi. Həmin vaxt sağ qolumdan yaralandım. Oktyabrın 14-də təxliyə edilib Füzulidəki, ardınca isə Şirvandakı hospitala göndərildim. Daha sonra Bakıya – Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirdilər. Bura gətiriləndə vəziyyətim ağırlaşmışdı. Qolum kəsilmək üzrə idi. Həkimlərin vaxtında və düzgün müdaxiləsi nəticəsində qolumun amputasiyasının qarşısı alındı. Sağ əlimi xilas etmək üçün 12-yə yaxın əməliyyat keçirdim, onlardan dördü ağır idi. Yaralarım sağaldıqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris Laboratoriyasında reabilitasiya prosedurlarından keçməyə başladım. Sağ əlimlə yaza bilməsəm də sol əllə yazmağı öyrənmişəm. Ümumiyyətlə, sağ əlimin funksiyalarını tam bərpa edə bilməmişik, lakin müəyyən hissəsini geri qaytara bilmişik”.
E.Eminov bildirib ki, xəstəxanadan evə gələndən sonra “YAŞAT” Fondunun əməkdaşları onunla əlaqə saxlayıb, ehtiyaclarımı öyrəniblər: “Fond həm müalicə xərclərimə, həm də məişət şəraitinin yaxşılaşdırılmasına yardım göstərdi. Fondun rəhbərliyinə də, ianə edənlərə də minnətdaram”.
Qeyd edək ki, qazi hazırda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində əmək fəaliyyətini davam etdirir.
Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.