AnalitikaGündəmSiyasət

YENİ AZƏRBAYCAN PARTİYASI: TARİXİ ZƏRURƏTDƏN MÜASİR ZİRVƏLƏRƏ

Azərbaycanın siyasi tarixində Yeni Azərbaycan Partiyası müstəsna rola malikdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qurulan bu partiya təkcə siyasi təşkilat deyil, həm də müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün strateji bir platformadır. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşılaşdığı siyasi və sosial böhranlar ölkəni yeni bir siyasi gücün yaranmasına sövq etdi. Xalqın arzu və tələblərini ifadə edən “91-lər”in müraciəti, əslində milli qurtuluşun ilk addımı idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaranan YAP xalqın inamını doğrultmaq və Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək məqsədilə təsis edildi.

Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbayvan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, 1992-ci il 21 noyabr tarixində Naxçıvanda keçirilən təsis konfransı, Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. 550 nəfərlik təşəbbüs qrupu tərəfindən YAP-ın yaradılması qərara alındı və partiyanın lideri kimi Ulu Öndər Heydər Əliyev yekdilliklə seçildi. Bu qərar Azərbaycan cəmiyyətində siyasi sabitlik və inkişaf üçün möhkəm təməl yaratdı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və liderlik keyfiyyətləri sayəsində YAP qısa zamanda cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Onun “dünənin, bu günün və sabahın partiyası” kimi xarakterizə etdiyi YAP həm siyasi plüralizmin inkişafına, həm də Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə şərait yaratdı:

“2005-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Partiyanın VII qurultayında qəbul edilən qərarlar YAP-ın inkişaf strategiyasını modern çağırışlara uyğunlaşdırdı. Mehriban xanım Əliyevanın sədrin birinci müavini təyin edilməsi isə qadınların dövlət siyasətindəki rolunun təcəssümü oldu. YAP bu gün 730 mindən artıq üzvü ilə nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi tanınır. Partiyanın yeni proqramında müəyyən olunan “Heydər Əliyev yolu”, “Müstəqillik”, “Azərbaycançılıq” kimi strateji istiqamətlər həm də dövlətin inkişaf prioritetlərinə uyğunlaşdırılmışdır. YAP-ın 11 strateji hədəfi, o cümlədən “Güclü iqtisadiyyat”, “Milli maraqların qorunması” və “Böyük Qayıdış” Azərbaycanın uzunmüddətli inkişafına xidmət edir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, partiyanın beynəlxalq siyasəti milli maraqlara əsaslanır. Beynəlxalq əməkdaşlıq sahəsində atılan strateji addımlar Azərbaycanı qlobal arenada güclü tərəfdaş mövqeyinə yüksəltmişdir. YAP-ın təşəbbüsləri ilə formalaşan yeni siyasi dialoq modeli isə dövlət siyasətində milli birlik və həmrəyliyin təminatına xidmət edir.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsini və Prezident İlham Əliyevin uzaqgörən strategiyasını özündə birləşdirərək Azərbaycanın sabitliyini və inkişafını təmin edən ən mühüm siyasi qüvvədir. Partiyamız müasir dövrün çağırışlarına uyğunlaşaraq ölkənin demokratik dəyərlərinin və iqtisadi qüdrətinin möhkəmləndirilməsində misilsiz rol oynamağa davam edir. YAP Azərbaycanın siyasi səhnəsində həm milli, həm də beynəlxalq səviyyədə lider mövqeyini qoruyub saxlamaqla ölkəmizi yeni zirvələrə aparmaqdadır.

Oxşar Xəbərlər

Back to top button