AnalitikaGündəmMaraqlıSosial

Zərifə Əliyevanın həyat və fəaliyyəti bir daha sübut edir ki, elmə və insanlığa xidmət edən insanlar zaman keçsə də unudulmur

Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim, akademik Zərifə Əliyeva öz zəngin elmi fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə tariximizdə xüsusi yer tutur. Onun həyat yolu elmə sədaqətin, insanlara xidmətin və fədakar zəhmətin parlaq nümunəsidir. Hər il 15 aprel tarixində onun əziz xatirəsi ehtiramla yad edilir və bu böyük şəxsiyyətin irsi bir daha xatırlanır.

Zərifə Əliyeva oftalmologiya sahəsində apardığı elmi tədqiqatlarla təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da tanınmış alimlərdən biri olmuşdur. O, xüsusilə istehsalatla bağlı yaranan göz xəstəliklərinin araşdırılması sahəsində mühüm yeniliklərə imza atmış, bu istiqamətdə fundamental elmi əsaslar yaratmışdır. Onun elmi əsərləri bu gün də aktuallığını qoruyur və müasir tibb elmi üçün dəyərli mənbə hesab olunur.

Akademik yalnız alim kimi deyil, həm də həkim kimi böyük hörmət qazanmışdır. O, minlərlə insana şəfa verməklə yanaşı, həkim peşəsinin ən ali dəyərlərini öz fəaliyyətində əks etdirmişdir. İnsanlara qarşı həssas münasibəti, qayğıkeşliyi və peşəsinə olan sevgisi onu fərqləndirən əsas xüsusiyyətlərdən olmuşdur.

Zərifə Əliyevanın pedaqoji fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, gənc kadrların hazırlanmasına böyük önəm vermiş, öz bilik və təcrübəsini gələcək nəsillərə ötürərək Azərbaycan tibb məktəbinin inkişafına mühüm töhfələr vermişdir. Bu gün onun yetirmələri ölkəmizin müxtəlif tibb müəssisələrində uğurla fəaliyyət göstərərək müəllimlərinin yolunu davam etdirirlər.

Onun həyatında ailə dəyərləri də mühüm yer tutmuşdur. O, həyat yoldaşı, görkəmli dövlət xadimi Heydər Əliyev ilə birlikdə həm ailə, həm də cəmiyyət qarşısında böyük məsuliyyət daşıyan nümunəvi bir həyat yaşamışdır. Bu ailənin Azərbaycan dövlətçiliyində və ictimai həyatında oynadığı rol hər zaman yüksək qiymətləndirilir.

Akademik Zərifə Əliyevanın adı bu gün də yaşayır – onun adını daşıyan tibb müəssisələri, elmi mərkəzlər və xatirəsinə ucaldılmış abidələr bu böyük şəxsiyyətin xalqımızın yaddaşında əbədi yer tutduğunu göstərir. Onun elmi irsi və mənəvi dəyərləri gələcək nəsillər üçün örnək olaraq qalır.

Zərifə Əliyevanın həyat və fəaliyyəti bir daha sübut edir ki, elmə və insanlığa xidmət edən insanlar zaman keçsə də unudulmur, onların adı və əməlləri daim yaşayır və gələcək nəsillərə yol göstərir.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button