
Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün müəyyən ənənələrinin formalaşması prosesinin də iştirakçısına çevrilmiş olursan. Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu millətin tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu. Doğulub boya-başa çatdığı mühitin onun taleyində böyük rolu olmuşdur. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmışdı. O, özünün şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamış, gələcəyə ümid, inam bəsləməyi öyrətmiş, hər zaman hamıya xeyirxah, qayğıkeş münasibətdə olmağı tövsiyə etmişdi. Əziz Əliyev möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət idi. Həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə fərqlənirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təcəssümünü tapmışdı. Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi. Onun öz ailəsi üçün necə əvəzsiz dəyər kəsb etdiyini həyat yoldaşı – Ulu Öndər Heydər Əliyev özü də dəfələrlə söyləyib. “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”. Təsadüfi deyil ki, dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım haqqında tarixi sözlər demişlər. Məşhur oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Qeyd etmək yerinə düşər ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Bütün bunlarla yanaşı, Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə, bütün bunlar çoxlu enerji tələb edirdi, lakin Zərifə xanım təbiəti üçün adi hal idi. Zərifə xanım eyni zamanda, ədəbiyyatı, musiqini də çox sevirdi. Onun ədəbiyyat sahəsindəki bilikləri, incəsənət, xüsusilə, təsviri incəsənət, rəsm əsərləri haqqında mülahizələri adamı heyrətləndirməyə bilməzdi. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaratdığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü bütün doğrulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



