
Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb tarixində elə şanlı səhifələr var ki, əsrlər keçsə də onların parlaqlığı azalmır, əksinə, zaman keçdikcə daha da ucalır. 8 Noyabr – Zəfər Günü məhz belə əbədiyaşar, müqəddəs və xalqımızın qürur mənbəyi olan tarixi bir gündür. 44 günlük Vətən müharibəsində əldə edilən bu möhtəşəm Zəfər təkcə hərbi qələbə deyil, həm də milli ləyaqətin, haqqın və ədalətin bərpası, xalqın əyilməz iradəsinin təntənəsidir.
XX əsrin sonlarında erməni işğalçı silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində ölkəmizin ərazisinin 20 faizi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon işğal olundu. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşərək məcburi köçkünə çevrildi. Minlərlə dinc sakin, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Azərbaycanın mədəniyyət, tarixi və dini abidələri, məscidlər, qəbiristanlıqlar vəhşicəsinə dağıdıldı və erməniləşdirilməyə çalışıldı.
Təxminən otuz il ərzində BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların dərhal, qeyd-şərtsiz azad olunmasını tələb edən dörd məşhur qətnaməsi kağız üzərində qaldı. Beynəlxalq təşkilatların ikili standartları və münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması cəhdləri Azərbaycan xalqını qətiyyən sarsıtmadı. Əksinə, xalqımız “işğal ilə heç vaxt barışmayacağıq” prinsipi ilə yaşadı və hər an doğma torpaqların azad olunacağı günü gözlədi.
2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. “Dəmir Yumruq” ətrafında sıx birləşən xalq və ordu həmrəyliyi tarixə qızıl hərflərlə yazıldı.
Müharibə dövründə Azərbaycan cəmiyyəti yaşından və sosial statusundan asılı olmayaraq, bir yumruq kimi birləşdi. Arxa cəbhədəki hər bir vətəndaş əsgərimizə dəstək olmaq üçün əlindən gələni etdi. Azərbaycan Ordusu müasir texnologiyalar, yüksək dəqiqlikli silahlar və innovativ döyüş taktikalarından istifadə edərək dünya hərb tarixinə yeni səhifə yazdı. Xüsusilə çətin dağlıq relyefdə həyata keçirilən qəhrəmanlıq əməliyyatları hərbi ekspertləri heyrətləndirdi.
Vətən müharibəsinin hər günü bir qəhrəmanlıq dastanı idi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının kəndləri, qəsəbələri, strateji yüksəklikləri bir-bir azad olunurdu. Lakin Zəfərə aparan yolun zirvəsi mədəniyyət beşiyimiz, Azərbaycanın qətiyyən silinməz ruhu olan Şuşanın azad edilməsi oldu. 2020-ci il noyabrın 8-də Azərbaycanın mərd və cəsur hərbçiləri heç bir ağır texnika istifadə etmədən, yalnız yüngül silahlar və sarsılmaz iradə ilə sıldırımlı qayaları dırmaşaraq Şuşanı düşməndən təmizlədilər. Şuşanın alınması Ermənistan rəhbərliyini kapitulyasiya aktına imza atmağa məcbur etdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla həm hərbi əməliyyatlar dayandırıldı, həm də digər işğal olunmuş rayonlarımızın (Kəlbəcər, Ağdam, Laçın) bir güllə atılmadan azad edilməsinin yolu açıldı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla hər il 8 Noyabr tarixi Azərbaycanda “Zəfər Günü” kimi təsis edildi. Bu günün əhəmiyyəti çoxşaxəlidir. Otuz illik işğala son qoyuldu, milyonlarla soydaşımızın pozulmuş hüquqları kağız üzərində deyil, reallıqda bərpa olundu. Vətən uğrunda canından keçən minlərlə şəhidimizin qanı yerdə qalmadı, onların xatirəsi əbədiləşdirildi.
Zəfər sayəsində Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. İşğaldan azad edilmiş ərazilərdə bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, ağıllı şəhər və kəndlər salınır.
Bir sözlə, 8 Noyabr – Zəfər Günü təkcə bir təqvim bayramı deyil, xalqımızın milli qürurunun, məğrurluğunun və gələcəyə inamının simvoludur. Bu Zəfər nəsildən-nəslə ötürüləcək əfsanəvi bir dastandır. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, qazilərimiz isə cəmiyyətimizin hər zaman baş tacı olacaqdır. Azərbaycan xalqı qalib xalq kimi əbədi yaşayacaq və üçrəngli bayrağımız hər zaman azad torpaqlarımızda qürurla dalğalanacaqdır!
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri



