Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd,Ağcabədi,Beyləqan rayonları,habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 kv metr, əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Uzun illər işğal altında olan Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdu. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olunmuşdur.
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsi və uğurudur. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Əbədi qürur və iftixar mənbəyimiz olan tarixi Zəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. Yenidən qurulan, dirçələn Füzuli şəhərinə həyat yenidən qayıdır.
Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaqdır. Bütün Qarabağ torpağımız dirçələcək və cənnətə çevriləcəkdir.
Abbasova Yeganə,
YAP-ın fəalı