
25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın yaxın tarixində qürurla qeyd olunan mühüm günlərdən biridir. Bu gün həm torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsinə ehtiramın ifadəsidir, həm də Kəlbəcərin yenidən dirçəlişinin rəmzinə çevrilmiş tarixi gündür. Kəlbəcər Azərbaycanın ən möhtəşəm təbiətə malik, strateji əhəmiyyətli bölgələrindən olmaqla yanaşı, yüzilliklər boyu yüksək mədəniyyətin, eləcə də mühüm geosiyasi mövqenin simvolu kimi tanınıb. 1990-cı illərin əvvəlində rayonun işğalı Azərbaycanın ən ağır faciələrindən biri olmuş, 2020-ci il 10 noyabr Bəyanatına əsasən isə Kəlbəcər döyüşsüz şəkildə geri qaytarılaraq tarixi ədalət bərpa edilmişdir.
Məhz bu səbəbdən 25 Noyabr Kəlbəcərin taleyində dönüş nöqtəsi olaraq yaddaşlarda əbədi qalır.Kəlbəcər sözün həqiqi mənasında Şərqin nadir təbiət incilərindən biridir. Dağları, meşələri, saf bulaqları, səfalı yaylaqları, zəngin mineral suları və unikal florası bu diyarı tarix boyu əvəzolunmaz edib. İstisu kimi müalicəvi sanatoriyalar sovet dövründə təkcə Azərbaycandan deyil, bütün regiondan minlərlə insanın üz tutduğu mərkəzlərdən biri olub. Lakin işğal dövründə Kəlbəcərin bu zənginlikləri tarmar edilmiş, şəhər və kəndlər tamamilə dağıdılmışdı. Qayıdışdan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, düşmən burada təkcə binaları deyil, Kəlbəcərin yaddaşını, tarixini, mədəni izlərini, qəbiristanlıqları belə məhv etməyə çalışmışdı.Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti Kəlbəcərin bərpasını strateji və mənəvi prioritet elan edərək genişmiqyaslı quruculuq prosesinə start verdi.
Son illər Kəlbəcərdə yollar, tunellər, elektrik xətləri, su infrastrukturunun bərpası, yeni yaşayış məhəllələri, sosial obyektlər, məktəblər və xəstəxanalar sürətlə inşa olunur. Əsrin layihələrindən sayılan “Murovdağ” və “Kəlbəcər-Laçın” avtomobil yolları bölgənin iqtisadi həyatında yeni mərhələyə imkan yaradacaq. Bu yol və tunellər nəinki Kəlbəcərin ölkənin digər regionları ilə bağlantısını möhkəmləndirir, həm də gələcəkdə turizmin və biznesın inkişafına zəmin yaradır.Kəlbəcərin azad edilməsi həm də bölgə mədəniyyətinin yenidən dirçəlişi deməkdir. Burada yerləşmiş qədim alban məbədləri, pirlər, tarixi abidələr bərpa olunur, yeni mədəniyyət mərkəzləri və muzeylərin yaradılması planlaşdırılır.
Bütün bunlar Kəlbəcərin təkcə təbiət payı ilə deyil, həm də zəngin tarixi irsi ilə yenidən tanıdılmasına imkan verəcək.25 Noyabr təkcə qələbənin xatırladılması deyil, həm də gələcəyə inamın, Kəlbəcərin yenidən çiçəklənəcəyinə olan əminliyin təntənəsidir. Bu gün Kəlbəcərə qayıdışın rəmzidir və gələcək nəsillərə bu torpağın dəyərini, uğurlu dövlət siyasətinin nəticələrini göstərən əyani nümunədir.Bu tarixi gündə Azərbaycan xalqı həm qəhrəmanlarını yad edir, həm də böyük qayıdışın sevincini yaşamaqda davam edir. Kəlbəcər artıq yalnız Azərbaycanın keçmişinin deyil, həm də parlaq gələcəyinin ayrılmaz hissəsidir.
Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



