
“15 Aprel – Azərbaycanın görkəmli oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun fəaliyyəti yalnız tibb elmi ilə məhdudlaşmır, o, həm də Azərbaycan qadınının cəmiyyətə inteqrasiyası və elmdə rolu baxımından simvolik bir şəxsiyyətdir. Sovet dövründə elm sahəsində qadınların yüksəlməsi çətin idi. Zərifə Əliyeva bu maneələri yararaq, oftalmologiya sahəsində mühüm elmi tədqiqatlara imza atdı. Onun əmək şəraitinin göz sağlamlığına təsiri ilə bağlı tədqiqatları bu gün də aktualdır. Təkcə alim deyil, həm də pedaqoq və təşkilatçı kimi elmin inkişafına böyük töhfə verdi”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Zərifə xanımın fəaliyyəti Azərbaycanın ictimai həyatında qadının yerini gücləndirən nümunəvi bir modeldir. Onun şəxsiyyətində elm, mədəniyyət və milli dəyərlər birləşirdi. Bu mənada o, həm sovet dövründə, həm də müstəqillik illərində qadınların inkişafına təsir edən ideoloji simvola çevrildi. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Zərifə Əliyeva yüksək mənəviyyatı, humanizmi və vətənpərvərliyi ilə seçilən şəxsiyyət idi. Bu dəyərlər bu gün də Azərbaycanın inkişaf yolunda mühüm rol oynayır.
Onun sözlərinə görə, Zərifə Əliyevanın irsi yalnız elmi əsərlərində deyil, həm də onun yetişdirdiyi nəsildə və ailə ənənəsində yaşayır. Onun xatirəsi Azərbaycan cəmiyyətində elmə və mənəvi dəyərlərə hörmətin simvolu kimi daim yad ediləcəkdir.