Analitika

Qalib Azərbaycanın Zəfər seçkisi

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü lider amilinin olmasıdır. Xalq ona görə cənab Prezidenti sevir ki, o, ötən 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməyi bacarıb. O heç vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, Azərbaycan dövlətinin və xalqının milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.

20 il öncə Ümummilli Liderimizin siyasi kursunun sabitlik və inkişaf yolu olduğunu görən xalq keçirilən prezident seçkilərində dahi öndərin layiqli varisi cənab İlham Əliyevi dəstəkləyərək prezident seçdi. 31 oktyabr tarixdə keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin qarşısında bu vədi verdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Cənab İlham Əliyev, eyni zamanda əminliyini ifadə etmişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək. Azərbaycanda demokratiya daha da inkişaf edəcək. Siyasi plüralizm, söz azadlığı təmin olunacaq. Ölkəmiz müasir dövlətə çevriləcək. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Bu illər Azərbaycan tarixində inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələ oldu. “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqıdır, Azərbaycan xalqının iradəsidir”, – deyən cənab İlham Əliyevin fəaliyyətinin əsas qayəsi onun daim xalqın yanında olması, xalqının isə ona böyük inam və etimad göstərməsi idi. O, xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Belə də oldu. Bu illər ərzində O, verdiyi hər bir sözə əməl etdi, O, azərbaycanlılar üçün, sadəcə, prezident deyil, layiqli prezident olmağı bacardı. Bu gün Azərbaycan xalqı yenidən vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Liderinə ehtimad göstərərək onu bir daha özünə Lider seçdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti nəticəsində son 20 ildə ölkənin sosial-iqtisadi sahədə əldə edilən nailiyyətləri bu cür qiymətləndirilir.

Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub;

Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb;

Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur;

20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, ortaaylıq pensiya 18 dəfə, yaşa görə ortaaylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdən 30 dəfə artaraq 6 milyard manata çatıb.

2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, ortaaylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib;

Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib;

Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla, 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib;

Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır;

Prezident cənab İlham Əliyev təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də həyata keçirdiyi uğurlu addımlar nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərib. Bu gün ölkəmiz qlobal əhəmiyyətli təşəbbüslərin müəllifidir. Azərbaycan bu gün dünyada etibarlı strateji tərəfdaş imici ilə tanınır. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Prezidentin özünün də dediyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində insan amili” durur. Prezidentin siyasətində humanizm prinsipinin, multikulturalizm ənənəsinin inkişaf etdirilməsi, eləcə də güclü milli birlik və vətəndaş həmrəyliyi xüsusi istiqamət təşkil edir.

Ötən 20 ilə nəzər salanda işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, əlbəttə ki, bu illərin zirvəsində dayanır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident cənab İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Təkcə döyüş meydanında yox, informasiya müharibəsində cənab Prezident müsahibələrini real mübarizə və silah üsuluna çevirərək bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə dünyanın münaqişə ilə bağlı fikrini dəyişdirməyə müvəffəq olmuşdu.

Bu gün Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi nəhəng bərpa və quruculuq işləri ilə heyrətləndirir. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız məhz Prezident cənab İlham Əliyevin əzmkarlığı ilə cənnətə çevrilir. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar.

Bu zaman kəsiyində atılan məqsədyönlü addımlardan, həyata keçirilən tədbirlərdən, görülən işlərdən Naxçıvana da böyük pay düşdü. “Naxçıvan bizim hamımız üçün doğma diyardır, əziz vətəndir. Mənim atamın Vətənidir. Demək, mənim də Vətənimdir. Hər bir azərbaycanlının Vətənidir”.

Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyəti, müdrik rəhbərliyi və şanlı Azərbaycan Ordusunun sarsılmaz qüdrəti, şücaəti sayəsində Vətən müharibəsində Böyük Zəfər əldə edildikdən sonra muxtar respublikanın blokadadan çıxarılması məsələsi də daim ölkə rəhbərinin diqqətindədir. Bu istiqamətdə atılan addımlar 30 ildən artıq bir müddətdə mövcud olan bir sıra problemlərin kompleks şəkildə həllinə imkan yaratmaqla bərabər, Türkiyənin Türk dünyası ilə əlaqələrinin inkişafı, regional əməkdaşlığın genişlənməsi üçün münbit şərait formalaşacaqdır.

Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Muxtar respublikada da regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramı Naxçıvanda da bütün sahələr üzrə inkişaf proseslərini sürətləndirəcək, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələrinin eləcə də sosial sahənin bir çox istiqamətlərinin gələcək inkişafına təkan verəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı da qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb edir və xalqımızın həyatında əlamətdar hadisədir.

Dövlət başçısı tərəfindən ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında imzalanan digər bir Sərəncam da müvafiq istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin qətiyyətlə və uğurla yerinə yetiriləcəyinin siqnalı sayıla bilərdi. Bu mənada, ilk dəfə ölkənin bütün suveren ərazisində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi həm regionda, həm də ölkəmizdə yeni reallıqların yaranması deməkdir. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir. Xalqın etimadını doğruldan prezident sayca 9-cu rəsmi seçki olan növbədənkənar prezident seçkilərində yenidən səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Bu gün o, xalqın mütləq əksəriyyətinin etimad göstərdiyi lider kimi ölkəmizi müstəqil, inkişaf etmiş və ərazi bütövlüyü təmin edilmiş dövlət olaraq bütün dünyada təmsil etməkdədir. Azərbaycan xalqı bu seçimi ilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə və xoşbəxt gələcəyə səs verdi. Və bu seçki tarixdə “Zəfər seçkiləri” olaraq yaddaşlarda qaldı.

Dövlət başçısı tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı cənab Prezidentin, həm də Ali Baş Komandan kimi özünəinamın, xalq tərəfindən qətiyyətlə dəstəklənəcəyinə əminliyinin göstəricisi idi. Bu əminlik isə oradan qaynaqlanır ki, ölkə başçısı ötən 20 il ərzində xalqına verdiyi bütün vədləri yerinə yetirib. Xalq yaxşı bilir ki, cənab Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bizə Qarabağı bəxş edən, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan hər bir vətəndaşın qəlbini tək Prezident kimi deyil, səmimiyyəti ilə fəth etməyə müvəffəq olan azsaylı dünya liderlərindən biridir.

Prezident ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. O bu müddət ərzində Azərbaycanın tək regionda deyil, postsovet məkanında, Avropada, Asiyada nüfuzunu yüksəltməyə nail oldu. İqtisadi, siyasi və digər sahələrdə əldə edilən uğurlarla Azərbaycanı güc mərkəzinə çevirdi. Ömrünün əhəmiyyətli hissəsini Azərbaycan dövlətinə, xalqına xidmətdə keçirən Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini saymaqla qurtarmaq mümkün deyil. Ən əsası isə prezidenti olduğu dövlətin qüdrətli, qalib ölkəyə, Azərbaycan xalqının qalib xalqa çevrilməsi Onun böyük əsəridir.

Azərbaycan son illər dünyaya səs salan beynəlxalq tədbirlərə ev sahibliyi edib. Nüfuzlu beynəlxalq təşkilatların, dövlət başçılarının səfər etdiyi ölkə kimi tanınıb. Saysız-hesabsız forum, konfranslar həm də, ölkənin tanınmasında mühüm rol oynayıb. Prezident cənab İlham Əliyevin ən böyük diplomatik uğuru Azərbaycanı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirməsidir.

Hər kəsə məlumdur ki, bu gün ölkə və xalq olaraq əldə etdiyimiz uğurların təməlində məhz Qalib Sərkərdənin, uzaqgörən liderin gərgin əməyi dayanır. Bu əməyin nəticəsidir ki, bu gün ölkəmiz firavan, xalqımız isə xoşbəxtdir. Xoşbəxt gələcəyimizə yenidən yüksək səs çoxluğu ilə səs verən xalqımız əmindir ki, Cənab Prezidentin rəhbərliyi ilə dövlətimiz daha da güclənəcək, inkişaf edib çiçəklənəcək. Cənab Prezidentin andiçmə mərasimində dediyi kimi: “…Bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button