AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

8 Noyabr – Zəfər Günü. Şanlı Tarix və Milli Qürur Zirvəsi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik və hərb tarixində 8 Noyabr – Zəfər Günü xüsusi və müqəddəs bir yer tutur. 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi təkçə torpaqlarımızın işğaldan azad edilməsi ilə bitmədi, cəmiyyətimizin həmrəyliyini, milli ruhunu və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatları qısa zamanda Vətən müharibəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlhama Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ilk günlərdən cəbhə xəttində təşəbbüsü ələ aldı. Mühəndis-istehkam maneələrinin keçilməsi, müasir hərbi texnologiyaların tətbiqi və ən əsası əsgər və zabitlərimizin misilsiz şücaəti düşmənin otuz il boyunca qurduğu müdafiə xətlərini darmadağın etdi.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və digər strateji məntəqələrin bir-birinin ardınca azad edilməsi Azərbaycan əsgərinin döyüş əzmini daha da artırdı.Zəfər salnaməsinin ən parlaq səhifəsi şübhəsiz ki, Qarabağın tacı sayılan Şuşa şəhərinin azad edilməsi oldu. Şuşa əməliyyatı dünya hərb tarixinə bənzərsiz bir qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Sıldırım qayalıqları dırmaşaraq, yalnız yüngül silahlarla düşmənlə əlbəyaxa döyüşə girən Azərbaycan xüsusi təyinatlıları imkansızı bacardı.

8 Noyabr tarixində Şuşanın azad olunması xəbəri yalnız bir şəhərin qayıdışı deyil, düşmənin tam hərbi kapitulyasiyasının başlanğıcı demək idi. Məhz bu tarixi qələbə nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 8 noyabr tarixi ölkəmizdə Zəfər Günü elan edildi.

Tarixi Ədalətin Və Ərazi Bütövlüyünün Bərpası

44 günlük müharibə nəticəsində BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış 4 qətnaməsi Azərbaycan tərəfindən təkbaşına icra olundu. Şuşanın fəthindən dərhal sonra Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan azad edildi.

Bu zəfər regionda tamamilə yeni геоpolitik reallıq yaratdı. Otuz illik məğlubiyyət kompleksi və köçkünlük nisgili birdəfəlik sona çatdı.İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri başladı, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı təmin olundu.Regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açıldı.

Bizə bu böyük Zəfəri bəxş edən qəhrəmanlarımızı unutmaq mümkün deyil. Canlarını və sağlamlıqlarını Vətən uğrunda fəda edən şəhidlərimiz və qazilərimiz bu qələbənin əsl memarlarıdır. Onların əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

8 Noyabr Zəfər Günü — yalnız hərbi qələbə tarixi deyil. Bu gün bizim birliyimizin, azadlıq sevgimizin və gələcəyə inamımızın təntənəsidir. Azərbaycan xalqı bu tarixi Zəfərlə öz gələcək taleyini və gücünü bütün dünyaya bəyan etdi.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button