Üçrəngli Azərbaycan bayrağının dalğalanmasında artıq 106 il ötür. Bu bayraq xalqımızın istiqlal uğrunda apardığı mübarizənin göstəricisidir. Ulu öndər Heydər Əliyəv Azərbaycan bayrağı haqqında demişdir: “ Azərbaycan bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.
Üçrəngli bayraq türk müsəlman dünyasında ilk demokratik, dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyəti zamanı mavi səmada dalğalanmağa başlayır. AXC hökuməti tərəfindən mavi, qırmızı, yaşıl rənglərdən ibarət olan, qırmızı fonda ağ aypara və səkkizguşəli ulduz olan bayraq 1918- ci ildə 9 noyabr tarixində dövlət rəmzi kimi qəbul edilir. Üçrəngli dövlət bayrağı ilk dəfə həmin ilin noyabrın 17- də Bakıda ingilis generalı Tomsonun qarsılanma mərasimində göyə qaldırılıb.
Bayrağımızın ideya müəllifi mütəfəkkir Əli bəy Hüseynzadədir. Onun “Türkləşmək, islamlaşmaq və avropalaşmaq” şüarı dövlət bayrağının rənglərinda öz əksini tapır. Bayrağımızdakı göy rəng türkçüyün, qırmızı rəng müsirliyin, yaşıl rəng isə islam ideologiyasının simvoludur.
Üçrəngli bayraq Azərbaycanda Sovet rejimi qurulana qədər dövlət rəmzi olaraq qalır. Buna baxmayaraq bayrağımız unudulmadı. Aprel işğalından sonra mühacirətdə olan dövlət xadimləri və ziyalılarımız onu qorudu və yaşatdılar.
1988-ci ildən başlayan Azadlıq hərəkatı zamanı müstəqilliyimizin rəmzi olan üçrəngli bayraq yenidən meydanlarda dalğalanmağa başlayır. Həmin bayraq 1990- cı il noyabrın 17- də Naxçıvan Muxtar Respublikasının sədri Heydər Əliyevin təşəbbüsü ilə yenidən dövlət bayrağı olaraq təsdiq olunur. 1991-ci ilin fevral ayının 5-də Azərbaycan Respublikasının bayrağı haqqında Əsasnamə hazırlanır. Bu Əsasnaməyə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan bu üçrəngli bayraq Azərbaycan Respublikasınin dövlət bayrağı elan edilir. Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2010- cu ildən hər il 9 noyabr tarixi Dövlət bayrağı günü kimi qeyd edilir. Bu bayraq müasir Azərbaycanın dövlət rəmzi olaraq ölkənin hər yerində qürurla dalğalanır.
Günel Namazova,
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin tarix müəllimi