Şanlı Zəfər-milli qürurumuzun təntənəsi

Bu gün Qüdrətli Azərbaycanın ən yeni tarixinin – şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayan xalqımız böyük coşqu və fəxarət hissləri ilə 8 Noyabr- Şanlı Zəfər qələbəsinin 6-ci ildönümünü qeyd edir. Bütövlüyümüzün, birliyimizin sevincini Qalib Xalq kimi alnımız açıq, başımız dik, iftixarla qeyd edirik və əminliklə söyləyə bilərik ki, müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq.
Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistanı müdrik siyasəti, sərkərdəlik qabiliyyəti və hərbi-siyasi diplomatiyası qarşısında diz çökdürən, çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsini cəmi 44 günə həll edərək xalqımızın 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qəhrəmanlıq tariximizə qızıl hərflərlə Zəfər dastanını yazdı.
Altıncı ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevdir. Bu Zəfər möhtərəm Prezidentimizin qətiyyətli və prinsipial siyasətinin bariz təcəssümüdür. Məhz Ali Baş Komandanımızın siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada, işğaldan azad olmuş hər bir yerdə dalğalanan müəqəddəs üçrəngli ay-ulduzlu bayrağımız böyük Qələbə dastanının fəxarət və milli-qurur rəmzidir.
Əzəli tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalçılardan azad edilməsi sayəsində Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişdi və bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirdi.
Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi.
Böyük Zəfər vaxtında yaradılmış güclü iqtisadiyyatın, mükəmməl ordu quruculuğunun, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasətin və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyinin təcəssümüdür.
Mayıl Əliyev,
Nizami Rayon Ağsaqqallar Şurasının sədri



