AnalitikaDünyaGündəmSiyasət

Müsahibə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə öz mövqeyini necə müəyyənləşdirdiyini göstərən mühüm bir çıxış kimi qiymətləndirilir

20 yanvar 2026-cı il tarixində Azərbaycanın Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun (WEF 2026) çərçivəsində “Euronews” televiziya kanalı ilə eksklüziv müsahibə verib. Müsahibədə dövlət başçısı beynəlxalq siyasət, regional sabitlik, enerji təhlükəsizliyi və Azərbaycanın qlobal rolu mövzularında fikirlərini bölüşüb.

Prezident Əliyev müsahibədə beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklərin baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün dünyada beynəlxalq hüquq normaları bir çox hallarda universal olaraq qəbul olunmur və güc geopolitikada daha çox rol oynayır. Buna görə də hər bir dövlət öz strategiyasını milli potensialına uyğunlaşdırmalıdır. Əliyev həmçinin qeyd edib ki, Azərbaycanın qazandığı nəticələr — siyasi inkişaf, suverenliyin və ərazi bütövlüyünün bərpası — beynəlxalq hüquqa və ümumi dəyərlərə əsaslanır və bu təcrübə göstərir ki, hər bir ölkə öz maraqlarını qoruyaraq güclü mövqeyə sahib olmalıdır.

Davosda müsahibəsində Prezident İlham Əliyev regiondakı vəziyyət barədə də danışıb. O, İranda qeyri-sabitlikdən narahat olduqlarını və Azərbaycanın üçün regionda sabitlik və proqnozlaşdırıla bilən mühitin ən böyük sərvət olduğunu vurğulayıb. Bu kontekstdə Əliyev Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə daxil olduğunu və 30 ildən artıq davam edən qarşıdurma tarixinin bağlanmasına doğru irəliləyişlər olduğunu bəyan edib.

Prezident müsahibədə Azərbaycanın energetika sahəsindəki roluna da toxunub. O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda enerji resurslarına malik yeganə ölkədir və bölgə ölkələrinə enerji ixrac edir. Bundan başqa, Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa İttifaqı üzvüdür, bu isə ölkənin qlobal enerji bazarında rolunu gücləndirir. Əliyev həmçinin bildirib ki, bu enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir və Azərbaycan üçün premium bazarlarda öz resurslarını satmaq üçün əlavə imkanlar yaradır.

Müsahibədə Prezident Əliyev Avropa Parlamentinin və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı tənqidlərinə də toxunub. O bildirib ki, Azərbaycan artıq bu tənqidlərə reaksiya vermir və uzun müddətdir bu qurumlarla əməkdaşlığı dayandırıb. Bunun əvəzinə, ölkə Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir və bununla kifayətlənir.

Davosda “Euronews”a verilən müsahibə çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət strategiyasını, regionda sabitliyin əhəmiyyətini, enerji sahəsindəki rolunu və beynəlxalq münasibətlər sistemində gedən dəyişiklikləri geniş şəkildə izah edib. Müsahibə Azərbaycanın həm regional, həm də qlobal səviyyədə öz mövqeyini necə müəyyənləşdirdiyini göstərən mühüm bir çıxış kimi qiymətləndirilir.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button