
Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal miqyaslı mötəbər bir tədbir kimi Azərbaycanın ev sahibliyi ilə baş tutub. Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda ərsəyə gələn bu möhtəşəm platforma dünyanın 180-dən çox ölkəsindən 40 minə yaxın nümayəndəni, o cümlədən dövlət başçılarını, merləri, şəhərsalma ekspertlərini və vətəndaş cəmiyyəti fəallarını bir araya gətirib. Bununla da paytaxtımız qlobal inklüziv inkişafın və “yaşıl keçid” ideyalarının mərkəzinə çevrilib.
Forumun builki rəsmi şüarı və əsas müzakirə mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” olaraq müəyyən edilib. 2050-ci ilə qədər dünya əhalisinin üçdə ikisinin şəhərlərdə yaşayacağı proqnozunu nəzərə alaraq, tədbir qlobal mənzil böhranı, qeyri-qanuni məskunlaşma sahələrinin transformasiyası, mənzil təminatında sosial ədalət və şəhərlərin iqlim dəyişikliyinə adaptasiyası kimi kritik məsələlərə fokuslanıb. Altı gün davam edən forum çərçivəsində mənzil böhranının gələcək planı, gecəqonduların transformasiyası, münaqişə və fəlakətlərdən sonra şəhərlərin bərpası, iqlim və mənzil kəsişməsi, eləcə də mənzil maliyyələşdirilməsində yeni model kimi 6 əsas qlobal dialoq reallaşdırılıb. Eyni zamanda süni intellektin şəhər idarəçiliyində tətbiqi, dayanıqlı nəqliyyat sistemləri və “Süngər şəhərlər” (Sponge Cities) kimi innovativ ekoloji yanaşmalar masaya yatırılıb.
Bu tədbirdə diqqətçəkən ən mühüm məqamlardan biri Azərbaycanın COP29 prezidentliyinin mirası olan “İqlim Fəaliyyəti və Dayanıqlı Şəhərsalma naminə Şəhər Dayanıqlılığı üzrə Bakı Koalisiyası”nın (BCC) yüksək seviyyəli görüşünün keçirilməsi olub. Bu təşəbbüs COP iqlim prosesləri ilə Ümumdünya Şəhərsalma Forumu arasında koordinasiyanı gücləndirməyi hədəfləyir. Digər tərəfdən, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda Almatı şəhərinin də “Ağıllı Şəhərlər Forumu”na qoşulduğu elan edilib və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma memorandumu imzalanıb.
Bakı sessiyası dünya mediasında da geniş əks-səda doğurub. Argentinanın aparıcı telekanalları və qəzetləri, eləcə də Meksika və Mərakeş mətbuatı forumu yaxından izləyərək, Azərbaycanı inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdıran qlobal platforma kimi qiymətləndiriblər. Tədbirin keçirildiyi günlərdə şəhərdə logistikanın düzgün idarə olunması üçün daxili təşkilati addımlar, o cümlədən təhsil müəssisələrində dərslərin distant formata keçirilməsi uğurla icra edilib.
Forumun bağlanış günündə qəbul edilən və şəhərlərin gələcək xəritəsini cızan “Bakı Fəaliyyət Çağırışı” (Baku Call to Action) sənədi BMT Baş Katibinin “Yeni Şəhər Gündəliyi” hesabatına daxil ediləcək rəsmi tövsiyələr bazasını formalaşdırıb. WUF13-ün bayrağının növbəti ev sahibi olan şəhərə təhvil verilməsi ilə Bakı qlobal şəhərsalma tarixinə öz silinmez imzasını atmış oldu.
İldırım Eyvazlı,
YAP-ın gənc fəalı



