AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ

“Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində imzalanmış “İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə sənəd münasibətlərin artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıqdan daha sistemli və institusional tərəfdaşlıq modelinə keçdiyini deməyə əsas verir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu yaxınlaşmanın əsas sütunlarından biri iqtisadi əməkdaşlıqdır: “Azərbaycanda 200-dən çox Almaniya şirkətinin fəaliyyət göstərməsi mövcud iqtisadi bazanın kifayət qədər geniş olduğunu göstərir. Lakin qarşılıqlı sərmayələrin artırılması və Almaniya şirkətlərinin Azərbaycandakı fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı konkret təkliflər əməkdaşlığın yeni mərhələdə daha çox investisiya və uzunmüddətli layihələr üzərində qurula biləcəyini göstərir. Enerji isə strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biridir. Azərbaycanın təbii qazının Almaniya bazarına çıxması və Azərbaycan qazının artıq Avropa İttifaqının 10 ölkəsinə çatdırılması Bakının Avropanın enerji təhlükəsizliyində artan rolunu nümayiş etdirir. Neft ixracı ilə yanaşı, gələcəkdə yaşıl enerjinin Avropaya ötürülməsi perspektivi Azərbaycanı yalnız ənənəvi enerji təchizatçısı deyil, Avropanın enerji transformasiyasında potensial tərəfdaş kimi də önə çıxarır”.

“Digər strateji istiqamət nəqliyyat və tranzitdir. Azərbaycanın Orta Asiya ilə Avropa arasında körpü rolunun güclənməsi Almaniya üçün də mühüm geoiqtisadi imkanlar yaradır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və bağlantıların genişləndirilməsi Azərbaycanı enerji marşrutları ilə yanaşı, Avrasiya ticarət və logistika sistemində də əhəmiyyətli qovşağa çevirir: “Bu baxımdan Almaniyanın texnologiya, sənaye və logistika imkanları ilə Azərbaycanın coğrafi mövqeyi arasında ciddi strateji sinerji mövcuddur. Münasibətlərin siyasi ölçüsü isə daha geniş regional kontekstdə qiymətləndirilməlidir. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri olması Bakı-Berlin dialoqunun əhəmiyyətini ikitərəfli çərçivədən kənara çıxarır. Azərbaycan üçün Almaniya ilə strateji dialoqun dərinləşməsi Avropa ilə siyasi və iqtisadi inteqrasiyanın mühüm kanallarından birinə çevrilə bilər. Nəticə etibarilə, formalaşan yeni əməkdaşlıq modeli enerji, investisiya, tranzit və regional sabitliyi vahid strateji gündəlikdə birləşdirərək Azərbaycan-Almaniya münasibətlərinə uzunmüddətli geosiyasi və geoiqtisadi məzmun qazandırır”.

Oxşar Xəbərlər

Back to top button