AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan yeni gələcəyə

23 avqust 2026-cı il Azərbaycan–Özbəkistan münasibətlərinin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biri kimi yadda qalacaq. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin hansı yüksək mərhələyə çatdığını bir daha göstərdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır. Bu münasibətlər enerji, nəqliyyat, investisiya, sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq və digər mühüm sahələri əhatə edən geniş əməkdaşlıq modelinə çevrilib. Bu gün iki ölkə arasında 1 milyard dollarlıq ticarət dövriyyəsi artıq real hədəf kimi qarşıya qoyulur. Azərbaycan və Özbəkistanın iqtisadi potensiallarının bir-birini tamamlaması, qarşılıqlı investisiyaların artması və yeni birgə layihələrin həyata keçirilməsi bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır.

Əlamətdar məqamlardan biri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın göstərdiyi qardaş dəstəyidir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası və Xankəndidə sənaye layihələrinə Özbəkistan investisiyalarının yönəldilməsi iki xalq arasındakı dostluğun və qardaşlığın simvoludur. Prezident İlham Əliyevin bəyanatında daha bir mühüm məqam xüsusi diqqət çəkir: Azərbaycan və Mərkəzi Asiya getdikcə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət qazanan vahid əməkdaşlıq məkanına çevrilir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi, Özbəkistanla strateji əməkdaşlığın daha da dərinləşməsi və Trans-Xəzər nəqliyyat dəhlizinin imkanlarının artırılması Azərbaycanın regiondakı rolunu daha da gücləndirir. Bu səfər zamanı imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir ki, bu münasibətlər yalnız siyasi bəyanatlarla məhdudlaşmır, eyni zamanda konkret layihələr və real nəticələrlə də özünü göstərir. Daşkənddə “Azərbaycan” parkının yaradılmasına başlanılması, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması, müxtəlif Azərbaycan şirkətlərinin Özbəkistanda yeni layihələrə başlaması da xalqlarımız arasındakı münasibətlərin yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmadığını, eyni zamanda humanitar və mədəni sahələrdə də getdikcə daha da inkişaf etdiyini göstərir.

Azərbaycan və Özbəkistanı birləşdirən yalnız dövlətlərarası maraqlar deyil. Bizi ortaq tarix, zəngin mədəniyyət, milli-mənəvi dəyərlər və möhkəm qardaşlıq bağları birləşdirir. 23 avqust səfəri də bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq gələcəyə hesablanmış möhkəm, etibarlı və strateji tərəfdaşlıq modelidir. Bu münasibətlərin daha da inkişaf etməsi həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə Türk dünyası və region üçün yeni imkanlar açır.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button