26 Avqust – Laçın Şəhəri Günü

Qayıdışın və dirçəlişin rəmzi Laçın – Azərbaycanın ən gözəl və füsunkar guşələrindən biri, zəngin tarixi, mədəni irsi və möhtəşəm təbiəti ilə seçilən qədim yurd yerlərimizdəndir. Bu şəhərin adı Azərbaycan xalqının yaddaşında həm ağır işğal illəri, həm də böyük Zəfər və Qayıdış tarixi ilə bağlıdır.
Laçın şəhəri 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal edilmişdi. Uzun illər doğma yurdlarından ayrı düşən laçınlıların qəlbində isə doğma şəhərə qayıtmaq arzusu heç zaman sönmədi.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən sonra Laçının azadlığına aparan yol da açıldı. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Məhz buna görə 26 avqust Laçın Şəhəri Günü kimi təsis edilib.
Laçının azad olunması yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də illərlə doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıdışının başlanğıcı oldu. 2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışı başladı. Qısa müddət ərzində şəhərdə yaşayış binaları, məktəblər, tibb müəssisələri, yollar və digər sosial infrastruktur obyektləri yaradıldı.
Bu gün Laçın yeni siması ilə Azərbaycanın quruculuq və inkişaf modelinin parlaq nümunələrindən birinə çevrilir. Şəhərdə müasir yaşayış məhəllələri salınır, yeni iş yerləri yaradılır, sosial və iqtisadi layihələr həyata keçirilir. Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması isə regionun nəqliyyat və turizm imkanlarının genişlənməsi baxımından mühüm addımdır.
Laçın həm də təbiətin və müasirliyin vəhdətini özündə birləşdirən şəhər kimi yenidən qurulur. Əzəmətli dağları, meşələri, çayları və zəngin təbii sərvətləri ilə seçilən bu qədim diyar Azərbaycanın turizm potensialında xüsusi yer tutur.
26 Avqust – Laçın Şəhəri Günü xalqımız üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün doğma torpaqlara qayıdışın, milli iradənin, Zəfərin və yenidən quruculuğun rəmzidir.
Laçın artıq keçmişin ağrılarını deyil, gələcəyə inamı simvolizə edir. Bu gün burada ucalan yeni evlər, məktəblər, yollar və müəssisələr Azərbaycanın azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması istiqamətində apardığı böyük işlərin göstəricisidir.
Laçınlıların doğma şəhərlərinə qayıtması isə bu tarixin ən böyük mənəvi qələbəsidir.
Laçınlılar 31 ildən sonra öz doğma torpaqlarına qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Həmidə Ələfsərova,
Nizami rayonu Kimya-biologiya təmayüllü liseyin həkim pediatrı, rayon fəalı



