AnalitikaGündəmSiyasət

Yeni siyasi mərhələnin ünvanı – YAP VIII Qurultayı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında növbəti mühüm mərhələnin siyasi ifadəsi kimi yadda qaldı. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı yalnız görülmüş işlərin hesabatı deyil, Azərbaycanın yeni reallıqlar fonunda qarşısında dayanan strateji vəzifələrin aydın siyasi çərçivəsi idi.

Dövlət başçısının çıxışında xüsusilə diqqət çəkən məqamlardan biri YAP-ın Azərbaycanın müasir siyasi tarixində oynadığı rola verilən qiymət idi. Otuz ildən artıq müddətdə iqtidarda olan partiyanın fəaliyyətinin ölkənin inkişafı və siyasi sabitliyi ilə əlaqəsi vurğulandı. Prezident İlham Əliyev YAP-ın yalnız ölkə daxilində deyil, Cənubi Qafqaz miqyasında mühüm siyasi qüvvə olduğunu qeyd etdi.

VIII Qurultayın əsas siyasi fərqləndirici cəhəti isə onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni şəraitdə keçirilməsidir. Bu, Azərbaycan siyasi tarixində mühüm dönüş nöqtəsidir. 8 Noyabr Zəfəri ilə başlayan tarixi proses 20 sentyabr 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpası ilə yeni məzmun qazandı. Prezidentin çıxışı bu reallığın artıq təkcə Azərbaycanın deyil, regionun gələcək siyasi düzəninə təsir edən amil olduğunu göstərdi.

Bu baxımdan qurultayın siyasi mesajı aydındır: Azərbaycan artıq keçmişin problemlərini həll etməyə çalışan deyil, yeni reallıqlar formalaşdıran dövlətdir. Qarşıdakı mərhələdə əsas məsələ əldə olunmuş nəticələrin qorunması, dövlətçiliyin daha da möhkəmləndirilməsi və Azərbaycanın regional mövqelərinin davamlı şəkildə gücləndirilməsidir.

Prezident İlham Əliyevin çıxışında xalqın vahid mövqeyi xüsusi siyasi faktor kimi önə çəkildi. Çünki Azərbaycan təcrübəsi bir daha göstərdi ki, milli məqsədlər ətrafında formalaşan siyasi birlik dövlətin qarşısına qoyduğu strateji hədəflərə çatmasında mühüm rol oynayır. YAP-ın siyasi xəttinin əsas dayaqlarından biri də məhz dövlətçilik, milli birlik və ardıcıl inkişaf anlayışlarının vəhdətidir.

VIII Qurultay həm də gələcəyə baxış qurultayıdır. Qarşıda iqtisadi inkişaf, təhlükəsizlik, enerji siyasəti, beynəlxalq münasibətlər və Azərbaycanın artan regional rolu ilə bağlı yeni vəzifələr dayanır. Prezidentin çıxışında Azərbaycanın enerji və təhlükəsizlik baxımından artan geosiyasi əhəmiyyəti də xüsusi qeyd edildi.

Səbinə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button