AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyası və Zəfərin siyasi dayaqları

Azərbaycanın müasir tarixində əldə edilmiş Zəfərin hərbi nəticələrindən daha geniş siyasi və strateji mahiyyəti vardır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da bu həqiqətin dərk edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev qurultayda çıxışı ilə Azərbaycanın Zəfərə aparan yolunun yalnız 44 günlük müharibədən ibarət olmadığını, bu yolun uzunmüddətli dövlətçilik siyasəti və milli gücün sistemli şəkildə artırılması nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

Zəfərin siyasi dayaqlarından biri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan parçalanmaq, vətəndaş qarşıdurmasına sürüklənmək və iqtisadi tənəzzüllə üzləşmək təhlükəsi ilə qarşı-qarşıya idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və milli maraqlara əsaslanan inkişaf strategiyası formalaşdırıldı. Yeni Azərbaycan Partiyasının siyasi təşkilatlanması da bu prosesdə mühüm rol oynadı.

Prezident İlham Əliyev həmin strategiyanı yeni tarixi şəraitdə davam etdirərək dövlətin iqtisadi və hərbi gücünü artırdı. Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, diplomatik imkanların genişləndirilməsi, enerji layihələrinin reallaşdırılması və ordunun müasirləşdirilməsi vahid strateji xəttin tərkib hissələri idi. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən ərazi bütövlüyünün bərpasını əsas vəzifələrdən biri kimi qarşıya qoyması bu strategiyanın uzunmüddətli xarakterini nümayiş etdirirdi.

Vətən müharibəsində əldə olunan Zəfər həmin hazırlığın nəticəsi oldu. Azərbaycan xalqının yumruq kimi birləşməsi, ordunun döyüş qabiliyyəti və dövlət rəhbərliyinin siyasi iradəsi Azərbaycanın qarşısında duran tarixi məsələnin həllinə imkan verdi. Daha sonra 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyinin tam bərpası təmin edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 8 Noyabr və 20 Sentyabr Azərbaycanın müasir tarixinin mühüm simvollarına çevrilib.

VIII Qurultay bu baxımdan Zəfərin siyasi nəticələrinin möhkəmləndirilməsi mərhələsinin başlanğıcı kimi də qiymətləndirilə bilər. Artıq əsas məqsəd yalnız əldə edilmiş qələbəni qorumaq deyil, onun yaratdığı imkanlardan istifadə etməklə Azərbaycanın daha güclü, daha inkişaf etmiş və daha nüfuzlu dövlətə çevrilməsini təmin etməkdir. Yeni Azərbaycan Partiyasının fəalları bu prosesdə mühüm ictimai-siyasi qüvvə kimi çıxış etməlidirlər. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin həyata keçirilməsi milli həmrəyliyin və dövlətçilik məsuliyyətinin daha da gücləndirilməsini tələb edir.

Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button