AnalitikaGündəmSiyasət

20 Oktyabr – Zəngilan Şəhəri Günü: tarixi Zəfərdən Böyük Qayıdışa doğru

20 oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, milli qürur və tarixi Qələbə ruhunu özündə birləşdirən əlamətdar gündür. Bu tarix Zəngilan şəhərinin işğaldan azad olunmasının ildönümü kimi qeyd edilir və xalqımızın doğma torpaqlara bağlılığını, ərazi bütövlüyümüzün bərpasını və Azərbaycanın quruculuq əzmini təcəssüm etdirir.

Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində şəhərin və rayonun yaşayış məntəqələri, tarixi-mədəni abidələri və infrastrukturu ciddi dağıntılara məruz qalmışdır. Minlərlə ailə doğma yurdlarından didərgin düşərək uzun illər Vətən həsrəti ilə yaşamağa məcbur olmuşdur. Buna baxmayaraq, zəngilanlılar öz doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirməmişlər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətinin parlaq ifadəsinə çevrildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təsis edildi. Bu qərar Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Zəngilanın azad edilməsi ilə bölgədə yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bu gün rayonda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur. Xüsusilə Ağalı kəndində həyata keçirilən müasir kənd layihəsi Böyük Qayıdış proqramının mühüm nümunələrindən biridir. Burada sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaradılmış, keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışına başlanılmışdır.

Zəngilanın gələcək inkişafı nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi imkanların artırılması, kənd təsərrüfatının inkişafı və yeni iş yerlərinin yaradılması ilə sıx bağlıdır. Bölgənin strateji coğrafi mövqeyi onun Azərbaycanın iqtisadi həyatında və regional əlaqələrində əhəmiyyətini artırır. Həyata keçirilən layihələr Zəngilanın müasir, abad və dayanıqlı inkişaf edən yaşayış məkanına çevrilməsinə xidmət edir.

20 Oktyabr – Zəngilan Şəhəri Günü münasibətilə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmək, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlamaq hər birimizin mənəvi borcudur. Onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq xalqımızın yaddaşında daim yaşayacaqdır.

Bu əlamətdar gün yalnız keçmişdə qazanılmış Qələbənin xatırlanması deyil, həm də gələcəyə inamın, doğma yurda qayıdışın və yenidən quruculuğun rəmzidir. Zəngilanın dirçəlişi Azərbaycanın milli birliyinin, dövlətçilik iradəsinin və sülh içində inkişaf etmək əzminin göstəricisidir.

Zəngilan Şəhəri Günü münasibətilə bütün zəngilanlıları və Azərbaycan xalqını təbrik edir, doğma torpaqlarımızda həyatın daha da canlanmasını, sakinlərin firavan yaşayışını və bölgənin davamlı inkişafını arzulayırıq. Zəngilanın azad səmasında dalğalanan üçrəngli bayrağımız xalqımızın tarixi yaddaşının, qürurudur.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button