AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qədim Mədənşünaslıq Paytaxtımızın Zəfər və Dirçəliş Nəfəsi

Azərbaycanın mədəniyyət paytaxtı, qədim tarixə, zəngin irsə və əsrarəngiz təbiətə malik “Şuşa şəhəri günü” hər il xüsusi qürur və coşqu ilə qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 8 noyabr tarixi ölkəmizdə Zəfər Günü ilə yanaşı, həm də Şuşa şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, milli qürurumuzun və tarixi ədalətin təntənəsinin simvoludur.

1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa qısa müddət ərzində təkcə xanlığın deyil, bütün Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrildi. Təbii maneələrlə əhatə olunmuş alınmaz qala şəhəri olan Şuşa Azərbaycanın memarlıq incisi, tarİxi-mədəniyyət qoruğudur.

Şuşa Azərbaycan xalqına dünya miqyaslı dahi şəxsiyyətlər bəxş edib. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski. Mirzə Cəfər Qarabəyi, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev.Şuşa həm də Azərbaycanın “Konservatoriyası” adlandırılan muğam məktəbinin beşiyi, xalçaçılıq və poeziya mərkəzidir.

İşğal Dövrü və Ağrılı İllər

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Şuşa ağır dağıntılara məruz qaldı. İşğal illərində şəhərin tarixi abidələri, məscidləri, muzeyləri vandalizmə məruz qaldı, dahi şəxsiyyətlərimizin büstləri güllələndi, qədim irsimiz silinməyə çalışıldı. Lakin Şuşanın ruhu, orada yaşayan azərbaycanlıların qəlbindəki Vətən sevgisi heç vaxt sönmədi.2020-ci ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Bu zəncirin ən parlaq halqası isə məhz Şuşa əməliyyatı oldu.

4 Noyabr 2020-ci il: Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Şuşanın azad edilməsi uğrunda hərbi əməliyyatlar həlledici mərhələyə çatdı.

8 Noyabr 2020-ci il: Azərbaycan əsgərinin sıldırımlı qayaları aşaraq əlbəyaxa döyüşlərdə işğalçıları məhv etməsi və Şuşada üçrəngli Azərbaycan bayrağını dalğalandırması xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Elə həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu böyük sevinclə elan etdi.

Yenidənqurma, Dirçəliş və Beynəlxalq Status

Azadlıqdan dərhal sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr sayəsində qədim şəhər əsl intibah dövrünü yaşayır.Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, həmçinin dahi şəxslərin ev-muzeyləri və məqbərələri əvvəlki görkəminə qaytarıldı. Bülbülün, Üzeyir Hacıbəylinin və Xan Şuşinskinin büstləri yenidən doğma şəhərinə qaytarılaraq öz yerini aldı. Şuşanı digər bölgələrimizlə birləşdirən “Zəfər yolu”, yeni avtomobil yolları, elektrik, qaz, su şəbəkələri quruldu, Füzuli Beynəlxalq Hava Limanının yaxınlığı ilə nəqliyyat əlaqələri asanlaşdırıldı. Şuşa artıq ənənəvi “Xarıbülbül” musiqi festivalına, “Dünya Azərbaycanlılarının Qurultayı”na, müxtəlif beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edir. Şəhərə Azərbaycanın mədəniyyət paytaxtı statusu rəsmən qazandırılıb.

Şuşa şəhəri günü yalnız bir coğrafi məkanın azad olunmasının deyil, həm də milli kimliyimizin, mənəvi dəyərlərimizin və ədalətin bərqərar olmasının bayramıdır. Bu gün hər bir azərbaycanlı üçün Şuşa səmada dalğalanan qürur mənbəyi, gələcəyə inamın və əbədi dirçəlişin simvoludur. Şuşa azaddır, əbədi azad olacaq və hər zaman doğma sakinlərinə qucaq açacaqdır!

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button