27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs tarixdir. Bu əlamətdar gün xalqımız üçün həm hüzn, həm də qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Bu Zəfərin əldə olunmasında şəhidlərimizin qəhrəmanlığı, hərbçilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi mühüm rol oynayıb.
27 Sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası yolunda mühüm mərhələ oldu. 44 gün davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu öz gücünü, peşəkarlığını və yüksək döyüş ruhunu nümayiş etdirdi. Şəhidlərimizin qanı bahasına qazanılan Zəfər xalqımızın milli iradəsinin, Vətən sevgisinin və mübarizə əzminin parlaq təcəssümüdür. Hər bir şəhidimizin həyatı və göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevrilib. Onların müqəddəs xatirəsi xalqımız tərəfindən daim böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilir.
Şəhidlik Azərbaycan xalqının mənəvi dəyərləri sırasında ən uca zirvələrdən biridir. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımız öz fədakarlıqları ilə gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsi göstərdilər. Onlar Vətənin müdafiəsinin hər bir azərbaycanlı üçün müqəddəs borc olduğunu öz əməlləri ilə sübut etdilər. Bu gün biz şəhidlərimizin həyat yolunu, mübarizəsini və qəhrəmanlığını xatırlayarkən onların ailələrinin qarşısında da böyük ehtiramla baş əyirik. Çünki hər bir şəhid ailəsi xalqımızın müqəddəs əmanətini daşıyır.
Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı mühüm sosial siyasət istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər şəhidlərimizin xatirəsinə olan ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işlər dövlətin öz qəhrəman övladlarına və onların ailələrinə olan məsuliyyətli münasibətini nümayiş etdirir. Şəhid ailələrinə qayğı göstərmək yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətimizin mənəvi borcudur.
Anım Günü həm də xalqımızın birlik və həmrəylik ruhunun ifadəsidir. Vətən müharibəsi dövründə Azərbaycan xalqı vahid amal ətrafında birləşərək öz milli iradəsini və dövlətinə olan inamını nümayiş etdirdi. Ölkəmizin müxtəlif bölgələrindən olan vətəndaşlarımızın, hərbçilərimizin və arxa cəbhədə çalışan insanların ümumi məqsəd ətrafında səfərbər olması tarixi Zəfərin mühüm amillərindən biri oldu. Bu birlik və həmrəylik gələcək nəsillərə ötürülməli, milli dəyərlərimizin qorunması və dövlətimizin inkişafı naminə daim yaşadılmalıdır.
27 Sentyabr – Anım Günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də xüsusi əhəmiyyət daşıyır. Şəhidlərimizin qəhrəmanlıq yolu, Vətənə bağlılığı və fədakarlığı gənclərimiz üçün örnək olmalıdır. Onların xatirəsini yaşatmaq yalnız müəyyən günlərdə yad etməklə məhdudlaşmamalı, gündəlik həyatımızda Vətənə, dövlətə və milli dəyərlərə sədaqətlə özünü göstərməlidir. Gənclərimiz şəhidlərimizin əmanət qoyduğu Vətənin inkişafına öz bilikləri, zəhmətləri və faydalı fəaliyyəti ilə töhfə verməlidirlər. Bu, qəhrəmanlarımızın xatirəsinə göstərilən ən mühüm ehtiram nümunələrindən biridir.
Bu müqəddəs gündə bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə yad edirik. Onların göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Şəhidlərimizin adları tariximizin şərəf səhifələrində daim uca tutulacaq, onların ailələrinə və yaxınlarına göstərilən ehtiram xalqımızın mənəvi dəyərlərinin mühüm göstəricisi olaraq qalacaqdır. 27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, azadlığımızın və dövlət müstəqilliyimizin qorunması hər birimizin məsuliyyətidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhu qarşısında baş əyir, əziz xatirələrini daim qəlbimizdə yaşadırıq.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



